ADPU şəbəkəsində Bilik Günü qeyd olunub
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 15 Sentyabr – Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov bu ali təhsil müəssisəsinin pedaqoji kadr hazırlığında mühüm rolundan, cari qəbul nəticələrindən və yüksək balla universiteti seçən abituriyentlərin sayındakı müsbət dinamikadan söz açıb. Qeyd edib ki, bu il ADPU şəbəkəsi üzrə ayrılmış 3605 plan yerinin 3491-i ilkin yerləşdirmədə tutulub və qəbul planının təxminən 97 faizi yerinə yetirilib. Dövlət sifarişi üzrə keçid balı 500 və daha yüksək olan 14 ixtisasın mövcudluğu, həmçinin yüksək balla universiteti seçən abituriyentlərin sayı müəllimlik peşəsinə marağın artdığını göstərən mühüm göstəricilər kimi diqqətə çatdırılıb.
Rektor çıxışında “ADPU–2030” Strategiyasının hədəflərindən, universitetin rəqəmsal, beynəlxalq və çevik ali təhsil müəssisəsinə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb. ADPU-nun “QS World University Rankings 2027”də 1201–1400 aralığında yer almasının universitetin beynəlxalq reytinq sistemində ilk dəfə təmsil olunması baxımından mühüm nəticə olduğu vurğulanıb. Rektor universitet illərinin yalnız mühazirə, seminar və imtahanlardan ibarət olmadığını bildirib, tələbələri araşdırmağa, müzakirələrdə fəal iştirak etməyə, təşəbbüs göstərməyə və müxtəlif layihələrə qoşulmağa çağırıb.
Tədbirdə universitetə ən yüksək balla qəbul olunan Lera Səfiyeva və beynəlxalq idman uğurlarına görə müsabiqədənkənar qaydada ADPU-ya qəbul olunan İmaməddin Xəlilov çıxış ediblər. Onlar ADPU tələbəsi olmaqdan məmnunluqlarını ifadə edib, universitetə qəbul və yeni tələbəlik həyatının ilk təəssüratlarını bölüşüblər.
Həmçinin ADPU-nun Filologiya, Tarix və coğrafiya, Riyaziyyat, Kimya və biologiya, Fizika, Məktəbəqədər təhsil, İbtidai təhsil və İncəsənət və fiziki tərbiyə fakültələri, Magistratura və doktorantura şöbəsi, Quba, Ağcabədi, Şəki, Şamaxı, Cəlilabad filialları və Pedaqoji Kollecdə də ilk dərs gününə həsr edilmiş tədbirlər təşkil edilib.