“Azərikimya”nın builki istehsal gücünün 85 faizi ötəcəyi proqnozlaşdırılır
Bakı, 16 sentyabr, AZƏRTAC
SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin 2026-cı ildə istehsal gücündən istifadə göstəricisinin 85 faizdən çox olacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə zavoda təşkil olunan mediaturda məlumat verilib.
Bildirilib ki, müəssisə 2025-ci ildə istehsal gücündən 86 faiz istifadə edib.
Qeyd olunub ki, “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodu ölkəmizin neft-kimya sənayesində böyük paya sahibdir. Etilen-Polietilen zavodunda ildə 187 min ton propilen, 190 min ton etilen və 120 min ton polietilen istehsal olunur. Zavodun yüksəktəzyiqli polietilen istehsalı üzrə Polimir-120 qurğusunun illik istehsal gücü 120 min ton təşkil edir. Burada LDPE (aşağısıxlıqlı polietilen) istehsal edilir.
Zavodun tərkibində müasir texnologiyalı “EP-300” istehsalatı, “Polimir-120” istehsalatları və BEEİ (buxar və elektrik enerjisi istehsalatı) ilə yanaşı, 2013-cü ildən yeni Azot-oksigen və Su Soyutma qurğuları istifadəyə verilib. “EP-300“ qurğusunda xammal kimi H.Əliyev adına NEZ-dən qəbul edilən ilkin emal benzini ilə yanaşı, texniki butan (LPG), quru qaz fraksiyası (C1-C2) və texniki propan (PPF) fraksiyası da alınır ki, onların emalı nəticəsində əsas məhsullardan əlavə digər aralıq məhsullar da istehsal edilir. Əlavə məhsullar isə BBF (butilen-butadien fraksiyası), maye piroliz qətranı, ağır qətran, hidrogen, metan-hidrogen, etan, propan fraksiyalarıdır. Zavodun tərkibində həm də texniki və mütləqləşdirilmiş izopropil spirti sahələri fəaliyyət göstərir. 1966-cı ildə istismara verilən bu qurğunun layihə gücü illik 25 000 tondur. Ümumiyyətlə, zavodda istehsal olunan məhsullar həm daxili tələbata, həm "SOCAR Polymer" MMC və "Azneft" İB-ə, həm də satışa verilir.