Emin Hüseynov: Dağıdılmış məscidin bərpası həm də tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır
Ağdam, 16 sentyabr, AZƏRTAC
Azərbaycanda dini irsin qorunmasından danışarkən, işğal müddətində Qarabağ ərazisində yüzlərlə dini və tarixi-mədəni abidələrin dağıntılara məruz qalması, məscidlərin təhqir olunması və məqsədli şəkildə yararsız vəziyyətə salınmasından bəhs etməmək mümkünsüzdür. Çünki bunlar xalqımızın yaddaşında dərin iz buraxıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam Cümə məscidində keçirilən Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransda deyib.
“Hazırda konfransın keçirildiyi Ağdam Cümə məscidi də işğal vaxtı yandırılıb və vandalizmə məruz qoyulubdur. Əsrlər boyu insanların ibadət məkanı olan bu tarixi abidə 1992-ci ildə Xocalı soyqırımı faciəsinin şahidi olan sakinlər üçün həm də sığınacaq yeri olmuşdu. Ağdam işğaldan azad edildikdən dərhal sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Ağdam Cümə məscidinin əsaslı şəkildə bərpasına başlanılıb, 2024-cü ildə Azərbaycan və Qırğızıstan dövlət başçıları tərəfindən açılışı olub.
Dağıdılmış məscidin bərpası yalnız bir tarixi abidənin deyil, həm də tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır. Bu gün Ağdam şəhər məscidi Qarabağın mühüm simvollarından biri olmaqla yanaşı, yerli sakinlər və şəhərimizə səfər edən insanlar üçün ibadət və ziyarət məkanıdır”, - deyə Emin Hüseynov əlavə edib.
Müxbir – Tahir Ağaməmmədov