Yeni tədris ilində Türkiyə-Azərbaycan Universitetində 289 tələbə təhsil alacaq
Bakı, 16 sentyabr, AZƏRTAC
2026/2027-ci tədris ili üzrə Türkiyə-Azərbaycan Universitetində (TAU) ümumilikdə 289 tələbə təhsil alacaq. Onlardan 115 nəfəri bu il qəbul olunan tələbələrdir. Ötən illə müqayisədə bu il tələbə qəbulunda 27 faiz artım müşahidə olunub. Yeni qəbul olunan tələbələrdən 42 nəfəri 600-dən yuxarı, 50 nəfəri isə 500-dən yuxarı bal toplayanlardır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında TAU-nun Tədris şöbəsinin müdiri Günel Teymurova söyləyib. O qeyd edib ki, cari tədris ili üzrə Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul üzrə ən yüksək bal 647.2, sənaye mühəndisliyi ixtisasında ən yüksək bal 667.5, qida mühəndisliyi ixtisasında ən yüksək bal 562.4 olub.
"Türkiyə-Azərbaycan Universiteti "çətir universitet" modelidir. Belə ki bu ali təhsil müəssisəsi Türkiyənin 3 aparıcı universitetinin proqramlarını özündə birləşdirir. Burada tədris kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universitetinin (ODTU), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universitetinin (İTU), qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin tədris proqramlarına uyğun aparılır. Tədris yalnız dövlət hesabına və yüksək akademik səviyyədə ingilis dilində aparılır. Tədris proqramını uğurla başa vuran tələbələrə ixtisas üzrə Türkiyənin aparıcı tərəfdaş universitetinin diplomu ilə yanaşı, Azərbaycan Texniki Universitetinin diplomu da təqdim olunacaq”, -deyə G.Teymurova bildirib.