Kanada Avropa İttifaqının ilk assosiativ üzvü ola bilər
Bakı, 16 sentyabr, AZƏRTAC
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen çərşənbə günü Kanadanın Avropa İttifaqının ilk “assosiativ üzvü” olması üçün yol açmaq istədiyini bildirib. Bu addım yeni əlaqələrin qurulma planları ilə yanaşı, siyasətdə əhəmiyyətli dəyişiklik olacaq.
AZƏRTAC xəbər verir ki, bu təklifi irəli sürdükdən sonra Avropa Parlamentinin üzvləri onu ayaqüstə alqışlayıb, daha sonra Kanadanın Baş naziri Mark Karniyə yaxınlaşaraq onu qucaqlayıblar.
“Bildirdim ki, tərəfdaşlıq münasibətlərimizə təcili olaraq yenidən nəzər salmalıyıq. Buna görə də Kanadanın Aİ-nin ilk assosiativ üzvü olması üçün yol açmaq məqsədilə sizinlə əməkdaşlıq etmək istərdim”, – deyə Fon der Lyayen bildirib.
“Reuters” agentliyinin yazdığına görə, Fon der Lyayen Assambleyanın iclasında bildirib ki, Aİ və Kanada “süni intellektdən iqlim dəyişikliyinə, Arktikadan geosiyasətə qədər dünyaya eyni gözlə baxırlar. Biz həmişə eyni mövqedə olmuşuq: Ukrayna, müdafiə, xammal və təchizat zəncirləri məsələlərində”.
“Bugünkü dünyanın soyuq və kövrək reallığı fonunda yeni tərəfdaşlıqlara ehtiyac var. Bu, başqa heç kimə qarşı yönəlməyən tərəfdaşlıqdır”, – deyə o əlavə edib.
27 ölkədən ibarət Aİ bloku Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar öz sərhədləri yaxınlığında müharibə riski ilə üzləşir. Ticarət və digər məsələlərdə isə blok ABŞ Prezidenti Donald Trampın administrasiyası və Çin tərəfindən sərt rəqabətlə qarşılaşır.
Fon der Lyayenin təklifinin qəbul edilib-edilməyəcəyi ilə bağlı qərar Aİ-yə üzv dövlətlərdən asılı olacaq.
Aİ diplomatlarından biri çərşənbə günü Fon der Lyayenin təklifinə təəccübləndiyini ifadə edərək deyib: “Heç kim bunun əslində nə demək olduğunu bilmir”.
Toronto Universitetinin siyasi iqtisadiyyat və qlobal məsələlər üzrə professoru Mark Mangerin sözlərinə görə, Aİ rəsmiləri Kanadanın yüksək xərclər hesabına qoruduğu iki sahəni, – telekommunikasiya və süd sənayesini, – açmaqdan imtina etməsindən narazıdırlar.
Fon der Lyayen çərşənbə günü çıxışında Aİ ilə Kanadanın bütün sahələrdə əməkdaşlıq edəcəyini bildirib.
“Biz intellektual istehsal sahəsində çalışacağıq. Texnoloji alyans yaradacağıq. Müdafiə-sənaye bazalarımızı inteqrasiya edəcəyik. Arktikanı birgə həyata keçirəcəyimiz əsas layihəyə çevirəcəyik”, – deyə o bildirib.