Pilotsuz dəniz sistemlərinin sürətli işlənməsi üçün mühəndislik metodologiyası təqdim edilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin Avtomatika, telekommunikasiya və energetika kafedrasının professoru İslam İslamovun həmmüəllifi olduğu elmi məqalə mühəndislik sahəsində nüfuzlu Q1 kateqoriyalı jurnalda dərc edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “Elsevier” nəşriyyatının bu elmi jurnalı “Scopus” və “Web of Science” bazalarında indekslənir.
Bolqarıstanın Nikola Vaptsarov adına Dəniz Akademiyasının alimləri ilə birgə aparılan tədqiqatda pilotsuz dəniz sistemlərinin sürətli işlənməsi üçün qapalı dövrəli mühəndislik metodologiyası təqdim edilib. Tədqiqatın əsas elmi yeniliyi mövcud istehsalyönümlü yanaşmalardan fərqli olaraq, rəqəmsal modellərlə fiziki prototiplər arasında fasiləsiz əks-əlaqənin yaradılmasıdır. Təklif olunan metodologiya mühəndislik prosesinin müxtəlif mərhələlərini - 3D skanlama, tərs mühəndislik, rəqəmsal optimallaşdırma, additiv istehsal, altsistemlərin inteqrasiyası və eksperimental yoxlamanı vahid iş axınında birləşdirir.
Metodologiyanın effektivliyi iki tamamlayıcı nümunə modul pilotsuz uçuş aparatı platforması və sahil monitorinq bakeni üzərində sınaqdan keçirilib.
Birinci nümunədə tərs mühəndislik, ikinci nümunədə isə irəli mühəndislik ssenarisi tətbiq olunub. Nəticələr prototipin işlənmə həcmində 30–50 faiz, komponentlərin yenidən layihələndirilməsində isə 35-40 faiz azalma əldə edildiyini göstərib; UAV komponentlərinin həndəsi dəqiqliyində maksimum kənarlaşma cəmi 0.5-1.5 mm təşkil edib. Funksional sınaqlar isə altsistemlərin iş qabiliyyətini və konstruksiyanın möhkəmliyini təsdiqləyib. Əldə olunan nəticələr təklif edilən metodologiyanın pilotsuz dəniz sistemləri və kiberfiziki mühəndislik tətbiqləri üçün çevik, uyğunlaşan və sürətli prototipləşdirmə imkanları yaratdığını göstərir.
Alimin həmmüəllifi olduğu bu elmi nəşr universitetin elmi potensialının və beynəlxalq əməkdaşlığının növbəti göstəricisidir.