İraq Avropaya neft ixracını artırmaq və ixrac marşrutlarını şaxələndirmək istəyir
Qahirə, 16 sentyabr, AZƏRTAC
İraq Avropaya neft nəqlini artırmaq və ixrac marşrutlarını şaxələndirmək istəyir.
AZƏRTAC “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, bu məsələ İraqın Baş naziri Əli əz-Zeydinin Berlində Almaniya Kansleri Fridrix Merts və Parisdə Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi görüşlərdə müzakirə olunub.
İraq hökumətinin başçısı ölkəsinin neft ixracı marşrutlarını genişləndirmək və şaxələndirmək istədiyini bildirib. Yaxın Şərqdə müharibənin başlanmasından sonra Hörmüz boğazının bağlanmasına toxunan Baş nazir İraqın yalnız bir ixrac marşrutundan asılı vəziyyətdə qala bilməyəcəyini vurğulayıb.
Qeyd olunur ki, İraqın dövlət gəlirlərinin təxminən 90 faizi xam neft satışından əldə edilir. Müharibə başlayandan bəri ölkənin neft ixracı ciddi çətinliklərlə üzləşib. Buna qədər İraqda sutkalıq neft hasilatı təxminən 4 milyon barel, ixracın həcmi isə orta hesabla 3,4 milyon barel təşkil edirdi. İxracın böyük hissəsi Hörmüz boğazından keçməklə həyata keçirilir və əsasən Şərqi Asiya bazarlarına, xüsusilə Çin və Hindistana yönəldilir.
Dəniz nəqliyyatının pozulması fonunda İraq nefti Suriyadan yanacaqdaşıyan avtomobillərlə, həmçinin Türkiyənin Ceyhan limanına uzanan neft kəməri vasitəsilə ixrac etməyə başlayıb. Lakin bu marşrutların hər ikisi əvvəllər dəniz yolu ilə daşınan neftin yalnız kiçik bir hissəsini qəbul edə bilir.
İraqın Baş naziri ölkəsinin Aralıq dənizi üzərindən neft ixracını iki dəfə artırmaqla Avropa və ABŞ bazarlarını təmin edə biləcəyini bildirib. İraq neft hasilatını sutkada 10 milyon barelə çatdırmağı hədəfləyir.
Onun sözlərinə görə, hasil ediləcək neftin əhəmiyyətli hissəsi, yaxud təxminən yarısı Avropa və digər Qərb ölkələrinə yönəldilə bilər.
Baş nazir İraq və Almaniyanın xam neft ixracı ilə bağlı anlaşma əldə edəcəyinə ümid etdiyini də bildirib. Bunun müqabilində Bağdadın Almaniya texnologiyası və avadanlıqları alması nəzərdə tutulur.