Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasında iqtisadi inteqrasiyanı daha da sürətləndirəcək - ŞƏRH
Bakı, 16 sentyabr, AZƏRTAC
Türk dünyasının vahid inteqrasiyasını təmin etmək və onun iqtisadi inkişafı üçün əlverişli siyasi zəmin yaratmaq baxımından türk dövlətləri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi zəruridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.
O qeyd edib ki, istənilən siyasi birliyin dayanıqlılığını şərtləndirən əsas amillərdən biri onun tərəfləri arasında iqtisadi münasibətlərin səviyyəsidir. İqtisadi əlaqələrin zəif olduğu siyasi birliklərin uzunmüddətli dayanıqlılığının təmin edilməsi çətinləşir.
E.Əmirovun sözlərinə görə, Azərbaycanın Türkiyə və Mərkəzi Asiya ölkələri ilə həyata keçirdiyi iqtisadi diplomatiya Türk dünyasının inteqrasiyası üçün mühüm zəmin formalaşdırıb: “Azərbaycan Prezidentinin də apardığı siyasət, eyni zamanda, təşəbbüskarlığı bu istiqamətdə, Azərbaycanın həm Orta Asiya, həm Türkiyə ilə apardığı iqtisadi diplomatiyaya belə bir zəmin yaradıb. Azərbaycanın Türkiyə ilə preferensial ticarət sazişi, eləcə də Mərkəzi Asiya respublikaları ilə inkişaf etdirdiyi iqtisadi əlaqələr bu prosesin mühüm istiqamətlərindəndir”.
İqtisadçı Zəngəzur dəhlizinin açılmasının türk dövlətləri arasında iqtisadi inteqrasiyanı daha da sürətləndirə biləcəyini vurğulayıb. Onun fikrincə, dəhliz Mərkəzi Asiyanın Avropa ilə, Azərbaycanın Türkiyə ilə, Türkiyənin isə şərq istiqamətində əlaqələrinin genişlənməsi, ticarət dövriyyəsinin artırılması və investisiya fəaliyyətinin inkişafı baxımından əhəmiyyətli rol oynaya bilər.
“İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinin sürətlə həyata keçirilməsi də türk dövlətlərinin bu coğrafiyada fəaliyyətinin genişləndirilməsi üçün yeni imkanlar yaradır”, – deyə E.Əmirov əlavə edib.
Müxbir - Pərvanə Qafarova