Binalarda Enerji Effektivliyi Altsisteminin ilkin versiyası layihəçilərlə müzakirə edilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Energetika Nazirliyində binaların enerji effektivliyi üzrə pasportlaşdırılması və bu prosesin rəqəmsal mühitdə həyata keçirilməsi məqsədilə yaradılmaqda olan Binalarda Enerji Effektivliyi Altsisteminin müzakirəsinə həsr olunmuş görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən subyektlərə pasportlaşdırma prosesi barədə məlumat verilib, altsistemin ilkin versiyası nümayiş etdirilib.
Görüşdə Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov binaların enerji effektivliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər, bu sahədə formalaşdırılmış hüquqi baza, eləcə də enerji effektivliyi üzrə pasportlaşdırmanın məqsədi və əhəmiyyəti barədə məlumat verib. Bildirilib ki, binaların enerji göstəricilərinin qiymətləndirilməsi və müvafiq enerji effektivliyi sinfinin müəyyən edilməsi enerji istehlakı barədə daha dolğun məlumatın əldə olunmasına, enerji səmərəliliyinin artırılması imkanlarının müəyyənləşdirilməsinə və bu sahədə sistemli yanaşmanın formalaşdırılmasına xidmət edəcək.
Altsistemdə nəzərdə tutulan əsas funksiyalar əyani şəkildə göstərilib, pasportun hazırlanması və təqdim edilməsi prosesi, həmçinin bu prosesdə layihəçilərin və digər iştirakçıların rolu izah olunub. Altsistemin gələcək istifadəçilərinin praktiki təcrübə və ehtiyaclarının onun hazırlanması prosesində nəzərə alınması məqsədilə iştirakçıların altsistemin funksionallığı, istifadə rahatlığı və pasportlaşdırma prosesinin təşkili ilə bağlı rəy və təklifləri dinlənilib, qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb. Bildirilib ki, daxil olan təkliflər altsistemin təkmilləşdirilməsi zamanı nəzərdən keçiriləcək.
Qeyd edək ki, Binalarda Enerji Effektivliyi Altsisteminin 2026-cı ilin oktyabr ayınadək hazır vəziyyətə gətirilməsi, il sonunadək təkmilləşdirilməsi və “Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları”nın qüvvəyə minməsi ilə 2027-ci il yanvarın 1-dən istismara verilməsi nəzərdə tutulur.