İlqar Vəlizadə: Azərbaycan regionun xəritəsində müstəsna əhəmiyyətli mövqeyə malikdir RƏY
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan bir sıra mühüm amillərin vəhdəti sayəsində regionun və bütövlükdə Böyük Avrasiyanın xəritəsində müstəsna əhəmiyyətli mövqeyə malikdir. Əvvəla, bu, Azərbaycanın coğrafi mövqeyidir. Azərbaycan Respublikası Qafqazda yerləşməklə yanaşı, Türk dünyasının mərkəzi elementlərindən biri kimi çıxış edir və İslam dünyasının tərkib hissəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
O qeyd edib ki, bütün bu amillər Azərbaycanın xarici siyasətinin xarakterini şərtləndirir və onun gələcək illər üçün istiqamətini müəyyənləşdirir. Azərbaycan Prezidenti ötən gün çıxışında vurğulayıb ki, məhz bu amillərin qarşılıqlı əlaqəsi hazırda təkcə Azərbaycanın xarici siyasətinin deyil, Cənubi Qafqazda gedən proseslərin də sabitliyini və dayanıqlılığını təmin edir.
“Geosiyasi turbulentlik şəraitində üç komponentin qarşılıqlı əlaqəsi Azərbaycanın müxtəlif güc mərkəzləri və ya regional siyasət mərkəzləri arasında əlaqələndirici həlqə kimi çıxış etməsi üçün şərait yaradır. Son illərdə, xüsusilə də Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra dövlətlərin və xalqların ölkəmizlə əməkdaşlığa marağı artır. Bu isə səmərəli xarici siyasət kursunun həyata keçirilməsi və regionumuzda davamlı və sabit proseslərin təmin olunması üçün imkanlar yaradır. Geosiyasi turbulentlik şəraitində bu, iqtisadi və siyasi əməkdaşlığın inkişafı üçün zəruri amildir”, – deyə politoloq fikrini yekunlaşdırıb.