“ƏSA” Teatrı yeni mövsümdə Hüseyn Cavidin “İblis” faciəsini musiqili janrda təqdim edəcək
Bakı, 16 sentyabr, AZƏRTAC
“ƏSA” Teatrı yeni teatr mövsümündə tamaşaçılara yeni və fərqli səhnə layihələri təqdim edəcək. Teatrın repertuarında klassik əsərlərin müasir səhnə yozumları, musiqili tamaşalar, eləcə də əvvəlki mövsümlərdə tamaşaçıların böyük marağına səbəb olmuş səhnə əsərlərinin nümayişi yer alır. Ötən mövsüm teatr üçün böyük layihələr yadda qaldı. Həyata keçirilən işlər arasında ən böyük və əhəmiyyətlisi “Paris Notr-Dam” musiqili tamaşasının Heydər Əliyev Sarayında təqdimatı oldu. Tamaşa “ƏSA” Teatrının 10 illik yubileyi ərəfəsində hazırlandı və yubileyə həsr olundu.
Bunu AZƏRTAC-a açıqlamasında “ƏSA” Teatrının təsisçisi Nihad Qulamzadə deyib.
O bildirib ki, mövsümün ilk tamaşası Vilyam Şekspirin “Hamlet” faciəsi olacaq. Tamaşa oktyabrın 14-də Akademik Rus Dram Teatrının səhnəsində təqdim olunacaq. Növbəti tamaşa isə “Paris Notr-Dam”ın beşinci nümayişidir. Tamaşa oktyabrın 30-da Heydər Əliyev Sarayında baş tutacaq.
“Böyük məsuliyyətlə hazırlaşdığımız layihələrindən biri isə dahi Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” faciəsidir. Layihənin əsas yeniliklərindən biri isə ilk dəfə “İblis” faciəsinin musiqili janrda təqdim edilməsi olacaq. Hazırda tamaşa üzərində ciddi və böyük məsuliyyətlə iş gedir. Tamaşanın quruluşçu rejissoru Bünyamin Sailov, baş prodüseri isə mənəm. Layihə çox maraqlı və peşəkar aktyor heyətinə malikdir”, - deyə Nihad Qulamzadə qeyd edib.
O əlavə edib ki, bu mövsümdə teatrın repertuarında yer alan “Axtarış”, “Adamlar və siçanlar” və “Paris partladı” tamaşalarının nümayişi ilə yanaşı, komediya janrında yeni tamaşanın hazırlanması da nəzərdə tutulur.