Ağdamda fermer təsərrüfatlarına baxış keçirilib, qarşıda duran vəzifələr müzakirə olunub
Ağdam, 16 sentyabr, AZƏRTAC
Ağdam rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icra vəziyyəti, görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə rayonda fəaliyyət göstərən fermer təsərrüfatlarına baxış keçirilib. Rayon rəhbərliyi, Prezident Administrasiyasının məsul əməkdaşı, Əlaqələndirmə Qərargahının üzvləri, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yerli qurumlarının nümayəndələri fermer təsərrüfatlarında olublar. Baxış zamanı təsərrüfatların mövcud vəziyyəti, əkin sahələrinin istifadəsi, istehsal imkanları və qarşıya çıxan problemlərlə yerində tanış olunub. Fermerlərin təklif və müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların nümayəndələri ilə müzakirələr aparılıb.
Sonra Ağdam Rayon İcra Hakimiyyətinin inzibati binasında fermer və sahibkarların, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin və Əlaqələndirmə Qərargahının üzvlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə Dövlət Proqramının rayonda icrası, kənd təsərrüfatı sahəsində mövcud vəziyyət, əkin sahələrindən səmərəli istifadə, məhsuldarlığın artırılması, suvarma məsələləri, fermerlərin qarşılaşdıqları problemlər və onların həlli istiqamətində görüləcək işlər müzakirə olunub.
Müxbir – Tahir Ağaməmmədov