2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat proqnozlaşdırılır
Bakı, 16 sentyabr, AZƏRTAC
2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat proqnozlaşdırılır ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 625 milyon manat və yaxud 1,6 faiz çox, 2025-ci ilin icra göstəriciləri ilə müqayisədə 49,4 milyon manat və yaxud 0,1 faiz çoxdur.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, növbəti ildə dövlət büdcəsinin xərcləri 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 696,4 milyon manat və ya 1,7 faiz artım ilə 42 milyard 400 milyon manat proqnozlaşdırılır və bu da 2025-ci ilin icra göstəriciləri ilə müqayisədə 3 milyard 795,4 milyon manat və yaxud 9,8 faiz çoxdur.
2027-ci ildə dövlət büdcəsinin kəsiri 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 71,4 milyon manat və ya 2,3 faiz çox olmaqla 3 milyard 166 milyon manat (ÜDM-də xüsusi çəkisi 2,2 faiz olmaqla) proqnozlaşdırılır.
2027-ci ildə xam neftin bir barelinin orta illik satış qiyməti 65 ABŞ dolları səviyyəsində götürülməklə dövlət büdcəsinin gəlirləri ÜDM-in 27,8 faizi həcmində, yəni 39 milyard 234 milyon manat nəzərdə tutulur ki, bunun da 39,5 faizi və ya 15 milyard 480 milyon manatı neft-qaz sektorunun, 60,5 faizi və ya 23 milyard 754 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.
2027-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 47 faizini və ya 18 milyard 430 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisindən 1 milyard 520 milyon manat və ya 9 faiz, 2025-ci ilin icra göstəricisindən isə 2 milyard 074,8 milyon manat və ya 12,7 faiz çoxdur. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 80,6 faizi və ya 14 milyard 850 milyon manatı qeyri-neft-qaz sektorunun, 19,4 faizi və ya 3 milyard 580 milyon manatı neft-qaz sektorunun payına düşür. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 6 milyard 865 milyon manat nəzərdə tutulur ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 3 milyon manat, 2025-ci ilin faktı ilə müqayisədə 495,1 milyon manat çoxdur. Bununla yanaşı, növbəti ildə dövlət büdcəsi gəlirlərinin 11 milyard 900 milyon manatı və ya 30,3 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 855 milyon manatı və ya 2,2 faizi səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərin, 599 milyon manatı və ya 1,5 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 585 milyon manatı və ya 1,5 faizi isə sair gəlirlərin payına düşür.
2027-ci il üçün 42 milyard 400 milyon manat (ÜDM-in 30,1 faizi) həcmində proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 26 milyard 400 milyon manatı və ya 62,3 faizi cari xərclərə, 13 milyard 800 milyon manatı və ya 32,5 faizi əsaslı xərclərə, 2 milyard 200 milyon manatı və ya 5,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönələcəyi proqnozlaşdırılıb.