2027-ci il üçün dövlət büdcəsi xərclərinin prioritet istiqamətləri üzrə proqnozları açıqlanıb
Bakı, 17 sentyabr, AZƏRTAC
2027-ci ilin dövlət büdcəsinin xərclərində iqtisadi fəaliyyət ilə müdafiə və milli təhlükəsizlik istiqamətləri əsas prioritet olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında öz əksini tapıb.
Məlumata əsasən, gələn ilin büdcə xərclərinin ən böyük hissəsi — təxminən 42 faizi məhz bu iki sahənin payına düşəcək. Belə ki, iqtisadi fəaliyyət xərclərinə 8 milyard 891 milyon manat (ümumi büdcənin 21 faizi), müdafiə və milli təhlükəsizlik sahəsinə isə 8 milyard 816,4 milyon manat (20,8 faiz) vəsaitin ayrılması nəzərdə tutulur.
Dövlət xərclərinin digər mühüm hissəsi idarəetmə və sosial sahələrin maliyyələşdirilməsinə yönəldiləcək. Ümumi dövlət xidmətləri üzrə xərclərə 5 milyard 506,3 milyon manat (13 faiz), sosial müdafiə və sosial təminat tədbirlərinə isə 4 milyard 916 milyon manat (11,6 faiz) vəsait proqnozlaşdırılır.
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması üçün isə ümumilikdə 3 milyard 33,6 milyon manat (8,1 faiz) ayrılacaq ki, bunun da 2 milyard 82,6 milyon manatı (4,9 faiz) birbaşa dövlət büdcəsinin payına düşür. Struktur bölümlərinə əsasən, kənd təsərrüfatı xərcləri üçün 1 milyard 379,5 milyon manat (3,3 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üçün 857,6 milyon manat (2 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti istiqamətinə isə 645,2 milyon manat (1,5 faiz) vəsait ayrılması planlaşdırılır. Büdcə layihəsində nisbətən az paya malik sahələr sırasına ətraf mühitin mühafizəsi (438,7 milyon manat, 1 faiz) və mənzil-kommunal təsərrüfatı (335 milyon manat, 0,8 faiz) daxildir.