Əbu-Dabi Beynəlxalq Kitab Sərgisində nadir miniatür Quran nümayiş olunur
Qahirə, 16 sentyabr, AZƏRTAC
35-ci Əbu-Dabi Beynəlxalq Kitab Sərgisində təqribən 1896-cı ildə Şotlandiyada çap edilmiş ən məşhur və qədim miniatür Quran nüsxələrindən biri nümayiş etdirilir.
AZƏRTAC Birləşmiş Ərəb Əmirliklərinin rəsmi xəbər agentliyinə istinadla bildirir ki, "Prays Quranı" kimi tanınan bu nüsxə "Peter Harrinqton" nəşriyyat evi tərəfindən təqdim olunub. Bu nüsxənin ölçüləri cəmi 26x19 millimetr təşkil edir. O, Avropada çap olunmuş ilk miniatür Quran nüsxəsi hesab olunur.
"Peter Harrinqton" nəşriyyat evinin Yaxın Şərq üzrə mütəxəssisi Sara Trevison agentliyə açıqlamasında bildirib ki, Quran əlyazma mətninin kiçildilmiş fotoşəkli əsasında daşbasma (fotolitoqrafiya) üsulu ilə çap edilib. O qeyd edib ki, nüsxə mətnin oxunmasını asanlaşdıran kiçik böyüdücü şüşə ilə təchiz olunmuş orijinal metal qutuda qorunub saxlanılır.
Mütəxəssis əlavə edib ki, "Prays Quranı" dünyanın müxtəlif bölgələrində, o cümlədən Məkkə şəhərində nüsxələrinin zəvvarlar arasında yayılmasından sonra geniş şöhrət qazanıb.
Qızılı naxışlarla bəzədilmiş orijinal qırmızı dəri üzlüyünü və metal qutusunu qoruyub saxlayan bu nadir nüsxə sərgi zamanı 2750 sterlinq qiymətinə satışa çıxarılıb.