Gündüz İsmayılov: Tarixi-dini abidələr multikultural dəyərlərin təbliği baxımından böyük əhəmiyyət daşıyır
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycanda dünya və ölkə əhəmiyyətli yüzlərlə tarixi-dini abidə mövcuddur. Onların bir qismi artıq təmir və bərpa olunub. Bu məscid, kilsə və sinaqoqlar zəngin tarixə malik olmaqla yanaşı, özünəməxsus xüsusiyyətləri ilə də seçilir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
Bakıdakı Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərini, eyni zamanda, Şamaxı Cümə məscidini və Gəncədəki “İmamzadə ziyarətgah” kompleksini xüsusi qeyd edən sədr müavini ölkəmizdə tarixi kilsələrin də mövcud olduğunu xatırladıb: “Alban kilsələri, həmçinin Rus Pravoslav kilsələri və digər tarixi dini abidələrimiz var. Kilsələrlə yanaşı, sinaqoqlar da fəaliyyət göstərir. Bu sinaqoqlar Bakı ilə yanaşı, Oğuzda və Qubanın Qırmızı qəsəbəsində də mövcuddur. Qeyd etdiyim kimi, tarixi-dini abidələrin qorunması və bərpası, eyni zamanda, bu prosesdə dini icmaların və din xadimlərinin rolu bu gün konfransımızın əsas müzakirə mövzusu olacaq. Tədbirdə, əsasən, din xadimləri, dini icma üzvləri, ümumilikdə mədəni irsin qorunması sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak edirlər. Ümid edirik ki, konfransımızda müzakirə ediləcək məsələlər Azərbaycan xalqının zəngin mədəni irsinin mühüm hissəsi olan tarixi-dini abidələrin qorunub saxlanılmasında yeni mərhələnin başlanğıcı olacaq".
Gündüz İsmayılov işğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk bərpa edilən tarixi-dini abidələrin məhz məscidlər olduğunu vurğulayıb. O bildirib ki, tarixi-dini abidələr ibadət məkanı və tarixi abidə olmaqla yanaşı, Azərbaycan xalqının mənəvi və tarixi yaddaşını da özündə əks etdirir. Bu abidələr, eyni zamanda, Azərbaycan xalqına xas məzhəblərarası birliyin, dinlərarası dialoqun, tolerantlığın və multikultural dəyərlərin təbliği baxımından da böyük əhəmiyyət daşıyır.
Müxbir - Günel Türksoy