Baş direktor: “SABAH.City”də həyata keçirilən tədqiqatların gələcəkdə kommersiya məhsullarına çevrilməsi nəzərdə tutulur
Bakı, 17 sentyabr, AZƏRTAC
“SABAH.City”də həyata keçirilən tədqiqatların gələcəkdə kommersiya məhsullarına və xidmətlərinə çevrilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə “Yüksək Texnologiyalar Parkı” MMC-nin baş direktoru Nihat Məcidov “Baku ID 2026” innovasiya festivalının açılışında deyib.
Onun sözlərinə görə, innovasiya icmasının düzgün formalaşdırılması üçün ilk növbədə müvafiq infrastruktur yaradılmalıdır.
“Biz mövcud infrastrukturumuzu 5 hektardan 20 hektara, 20 min kvadratmetrdən isə 100 min kvadratmetrə qədər genişləndirmək istəyirik. Burada universitet kampusunun, tədqiqat və inkişaf laboratoriyalarının, ofis sahələrinin, eləcə də birgə iş məkanlarının yaradılması planlaşdırılır. İkinci əsas istiqamət isə insan kapitalıdır. Hazırda üç aparıcı yerli universitetlə birlikdə müvafiq proqramların hazırlanması, universitetlərdə innovasiyanın təşviqi və tələbələrin potensiallarından innovasiya ekosistemində istifadə etməyə həvəsləndirilməsi istiqamətində fəaliyyət göstəririk”, - deyə N.Məcidov qeyd edib.