Cavid Abdullayev: Daxili tələbatı üstələyən bərpaolunan enerjinin ixracı üçün hazırlıq işləri aparılır
Bakı, 17 sentyabr, AZƏRTAC
Bərpaolunan enerji mənbələrindən istifadənin ikinci mərhələsində elektrik şəbəkəsinə qoşula biləcək bərpaolunan enerji stansiyalarının sayı, ümumi gücü, texniki xüsusiyyətləri və coğrafi yerləşməsi ilə bağlı araşdırmalar yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, araşdırmalar Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) tərəfindən aparılır.
“Nəticələrin bir ay ərzində açıqlanacağı və Azərbaycanın elektrik şəbəkəsinin nə qədər əlavə bərpaolunan enerji gücünü qəbul edə biləcəyinin müəyyənləşəcəyi gözlənilir. Uzunmüddətli perspektivdə neft və qazla yanaşı, bərpaolunan enerji mənbələri sahəsində də böyük potensialımız var və bundan tam şəkildə yararlanmalıyıq”,- deyə o qeyd edib.
O əlavə edib ki, daxili tələbatı üstələyən bərpaolunan enerji istehsalının formalaşacağı gözlənilir və bu enerjinin ixracı ilə bağlı zəruri hazırlıq işləri artıq aparılır.
Videooperator – Ceyhun Mustafayev