Tibb müəssisələrində pasiyentlərin təhlükəsizliyi necə qorunur? – TƏBİB-dən açıqlama
Bakı, 17 sentyabr, AZƏRTAC
Tibb müəssisələrində pasiyentlərin təhlükəsizliyinin təmin edilməsi sistemli yanaşma əsasında həyata keçirilir. Bu məqsədlə pasiyentin düzgün identifikasiyası, yıxılma risklərinin qiymətləndirilməsi, cərrahi müdaxilələrin təhlükəsizliyinin təmin edilməsi, böhran vəziyyətlərinə operativ müdaxilə, infeksion nəzarət və digər təhlükəsizlik tədbirləri tətbiq olunur.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.
Bildirilib ki, stasionar müalicə alan pasiyentlərin düzgün identifikasiyası üçün qolbaqlardan istifadə edilir. Qolbağın üzərində pasiyentin xəstə qeydiyyat nömrəsi, adı, soyadı və doğum tarixi əks olunur. Anamnezində allergiya qeyd edilən pasiyentlər üçün qırmızı rəngli qolbaqdan istifadə olunur. Yenidoğulmuşlarda isə qız və oğlan uşaqları üçün müvafiq rəngli qolbaqlar tətbiq edilir.
Həmçinin pasiyentlərin yıxılma riskinin qarşısının alınması məqsədilə yaş qruplarına uyğun qiymətləndirmə aparılır. Müvafiq yıxılma riski şkalalarından istifadə olunur və yüksəkriskli pasiyentlər müəyyən edilərək müvafiq ehtiyat tədbirləri görülür.
Cərrahi müdaxilələr zamanı isə cərrahi təhlükəsizlik üzrə yoxlama vərəqəsindən istifadə edilir. Bu vasitə tibbi müdaxilənin düzgün və təhlükəsiz aparılmasına, mümkün səhvlərin və fəsadların, o cümlədən cərrahi müdaxilə ilə əlaqəli ölüm hallarının azaldılmasına xidmət edir.
Qeyd edək ki, sentyabrın 17-si Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Müxbir - Günel Türksoy