Komitə sədri: İcbari tibbi sığorta bütün xəstəlikləri və patologiyaları əhatə etməlidir
Bakı, 17 sentyabr, AZƏRTAC
İcbari tibbi sığorta bütün xəstəlikləri və patologiyaları əhatə etməlidir. Xüsusilə əhali arasında yüksək tələfatla nəticələnən xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunması vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sentyabrın 17-də komitənin payız sessiyasında keçirilən ilk iclasında deyib.
O bildirib ki, səhiyyə üzrə dövlət proqramlarının böyük əksəriyyəti artıq icbari tibbi sığorta çərçivəsində qarşılanır. Lakin hələ də bir neçə mühüm dövlət proqramı bu sistemə daxil edilməyib. Həmin proqramların da icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsi vacibdir. Təcrübə göstərir ki, dövlət proqramları icbari tibbi sığorta ilə əhatə olunduqdan sonra bu xəstələrə göstərilən tibbi xidmətin keyfiyyəti də yüksəlir.
"Səhiyyə komitəsinin daim gündəmə gətirdiyi məsələlərdən biri də ambulator müalicə alan xəstələrin dərman preparatları ilə təminatının icbari tibbi sığorta hesabına qarşılanmasıdır. Bununla bağlı “Tibbi sığorta haqqında” qanuna bir neçə il əvvəl dəyişiklik edilib. Bu məsələ hazırda da vətəndaşları narahat edən və əhalinin gözlənti içində olduğu məsələlərdəndir",- deyə komitə sədri əlavə edib.
Fotoqraf – Aydın Məmmədov