Cavid Abdullayev: Azərbaycanın dəniz külək enerjisi layihələri üzrə araşdırmaları intensivləşdirilib
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycanın gündəliyində 4 interkonnektor layihəsi var. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” interkonnektor layihəsinin texniki-iqtisadi əsaslandırılması üzrə işlər yekunlaşıb və təqdim edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, layihənin iqtisadi baxımdan cəlbedici olduğu müəyyənləşib və hazırda onun cəlbediciliyinin daha da artırılması, eləcə də gələcəkdə istehsal olunacaq elektrik enerjisinin istehlakçıları ilə bağlı zəruri işlər aparılır.
“Bərpaolunan enerji mənbələrindən istifadənin birinci mərhələsinin 2027-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Bu mərhələdə Azərbaycan şəbəkəsinə təxminən 2 giqavat həcmində bərpaolunan enerji ötürülməsi və 11 stansiyanın inşası planlaşdırılır. Artıq üçüncü stansiya olan “Qobustan” Günəş Elektrik Stansiyası istismara verilir və qarşıya qoyulan hədəflərə çatmaq üçün işlər davam etdirilir.
Eyni zamanda, rəqəmsallaşmanın yaratdığı artan enerji tələbatının qiymətləndirilməsi və bu tələbatın yaşıl enerji hesabına qarşılanması istiqamətində araşdırmalar davam etdirilir. Bununla yanaşı, geotermal və bioenerji potensialı, həmçinin hidrogen istehsalı imkanları üzrə təhlillər aparılır. Dənizdə 711,4 kvadrat kilometrdən artıq ərazinin bərpaolunan enerji mənbələri ərazisi elan edilməsi ilə Azərbaycanın dəniz külək enerjisi layihələri üzrə də araşdırmalar intensivləşdirilib”, - deyə o vurğulayıb.
Qeyd olunub ki, Azərbaycanın yaşıl transformasiyası istiqamətində işlər davam etdiriləcək.
Videooperator – Ceyhun Mustafayev