Berlində “Vətənin sədaları” adlı fortepiano gecəsi təşkil olunub
Berlin, 17 sentyabr, AZƏRTAC
Almaniyadakı səfirlimizin və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə sentyabrın 16-da Berlində Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarın “Vətənin sədaları” adlı fortepiano gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, 18 Sentyabr – Milli Musiqi Günü münasibətilə təşkil olunan tədbir görkəmli bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş, Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən alman dilində hazırlanmış filmin nümayişi ilə başlayıb.
Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək gecənin musiqi proqramında Yohann Sebastian Bax, Lüdviq van Bethoven və Frederik Şopen kimi dünya klassiklərinin, eləcə də Azərbaycan musiqisinin görkəmli nümayəndələri Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Firəngiz Əlizadənin əsərlərinin yer aldığını bildirib. Nəsimi Ağayev beynəlxalq səviyyədə tanınmış pianoçu professor Nərgiz Əliyarın Azərbaycan musiqisinin dünyada təbliğinə mühüm töhfə verdiyini vurğulayıb.
Diplomat tədbirin Milli Musiqi Gününə – Üzeyir Hacıbəylinin doğum gününə təsadüf etməsinin ona xüsusi məna qazandırdığını qeyd edib. Bildirib ki, Üzeyir Hacıbəyli Azərbaycan milli musiqi ənənələrini, xüsusilə muğam irsini Avropa klassik musiqisinin forma və prinsipləri ilə birləşdirərək yeni musiqi dilinin formalaşmasına yol açıb.
Tədbirdə Üzeyir Hacıbəylinin əsərlərindən ibarət, Almaniyada nəşr olunmuş yeni not məcmuəsi də təqdim edilib. Səfir bildirib ki, bu nəşr bəstəkarın zəngin irsinin Almaniyada daha geniş auditoriyaya çatdırılması və əsərlərinin daha çox ifa olunması məqsədi daşıyır. Bu məqsədlə not məcmuəsinin Almaniyada və digər almandilli ölkələrdə musiqi məktəblərinə və kitabxanalara göndərildiyi qeyd olunub.
Sonra Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Elgün Niftəli çıxış edərək Milli Musiqi Günü ərəfəsində təşkil olunan tədbirin xüsusi önəm daşıdığını vurğulayıb. O, dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin irsinin təbliğinin Mədəniyyət Mərkəzinin fəaliyyətində mühüm yer tutduğunu bildirib.
Elgün Niftəli Almaniyada nəşr olunan not məcmuəsinin də bu istiqamətdə atılan mühüm addımlardan biri olduğunu, nəşrin bəstəkarın əsərlərinin Almaniyanın musiqi ictimaiyyətinə daha yaxından tanıdılmasına və repertuarlarda daha geniş yer almasına töhfə verəcəyini qeyd edib.
Professor Nərgiz Əliyar tədbirin təşkilinə görə Azərbaycanın Almaniyadakı səfirliyinə və Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.
Milli Musiqi Gününün bütün azərbaycanlılar üçün əlamətdar olduğunu deyən musiqiçi Üzeyir Hacıbəylinin təkcə bəstəkar kimi deyil, həm də müəllim və böyük musiqi xadimi kimi Azərbaycanın musiqi tarixində dərin iz qoyduğunu deyib.
Sonra tədbir Nərgiz Əliyarın ifasında Azərbaycan və dünya klassik musiqisi nümunələrinin təqdim olunması ilə davam edib.
Konsert tamaşaçıların ayaqüstü alqışları ilə qarşılanıb.