“Əlaçı” intellektual oyununun yeni mövsümünün seçim turu baş tutub
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycanın müxtəlif regionlarında ümumi təhsil məktəblərinin 10 və 11-ci sinif şagirdlərinin iştirakı ilə “Əlaçı” intellektual oyununun yeni mövsümünün seçim turu keçirilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, seçim turu Bakı, Gəncə, Quba, Şəmkir, Salyan, Lənkəran, Sumqayıt, Şamaxı, Bərdə, Mingəçevir, Sabirabad və Şəki şəhərlərində təşkil olunub. Turda ümumilikdə 4000-ə yaxın məktəbli iştirak edib.
Seçim turunun nəticələrinə əsasən, 10 və 11-ci siniflər üzrə ən yüksək nəticə göstərən 144 iştirakçı sentyabr-oktyabr aylarında İctimai Televiziyada yayımlanacaq “Əlaçı” verilişinin çəkilişlərində iştirak etmək hüququ qazanacaq.
Qeyd olunub ki, intellektual oyunun keçirilməsində əsas məqsəd müxtəlif sahələr üzrə dərin biliklərə malik, yüksək intellektual potensiala sahib gəncləri üzə çıxarmaq, məktəblilərin intellektual oyunlara marağını artırmaq və asudə vaxtlarının səmərəli təşkilinə töhfə verməkdir.