Qərbin ikili standartları və Azərbaycanın zəfər reallığı - ŞƏRH
Bakı, 17 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin vurğuladığı kimi, Qərbin Azərbaycanın ərazi bütövlüyü məsələsində ikili standartlardan çıxış etməsi, o cümlədən Ermənistanı dəstəkləyən mövqe nümayiş etdirməsi və 30 illik işğal dövründə BMT ilə ATƏT-in qəbul etdiyi qərarların heç birinin icra olunmaması Qərbin səmimi olmadığını, Ermənistanın işğalçılıq siyasətini dəstəklədiyini göstərirdi.
Bu barədə AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev bildirib.
Taleh Əliyev qeyd edib ki, ATƏT-in Minsk qrupunun 30 illik uğursuz vasitəçilik missiyasından sonra Azərbaycan öz torpaqlarını məhz Silahlı Qüvvələrinin qətiyyəti sayəsində işğaldan azad edib: “Bəli, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü beynəlxalq təşkilatların vasitəsilə deyil, Silahlı Qüvvələrinin rəşadəti ilə torpaqlarını işğaldan azad edərək təmin etdi”.
Siyasi şərhçinin sözlərinə görə, ATƏT-in Minsk qrupu, eləcə də Avropanın müxtəlif strukturları Azərbaycana qarşı haqsız və ədalətsiz mövqe nümayiş etdiriblər: “Təəssüf ki, təkcə ATƏT-in Minsk qrupu deyil, eyni zamanda Avropanın müxtəlif strukturları da Azərbaycana qarşı haqsız və ədalətsiz mövqe sərgiləyirdi”.
T.Əliyev əlavə edib: “Biz bu məsələdə haqlı olaraq Rusiyanı günahlandırırıq, lakin tək Rusiya deyil, Fransa başda olmaqla Avropa strukturları da Azərbaycana qarşı qərəz nümayiş etdirdi. Bu qərəzin nəticəsində Azərbaycan ərazi bütövlüyünün təmin olunmasını 30 il gözləməli oldu”.
Eyni zamanda, siyasi şərhçi hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və məskunlaşdırma prosesinin həyata keçirildiyini diqqətə çatdırıb: “Bu gün Böyük Qayıdış prosesi yaşanır. Azərbaycan işğaldan azad olunmuş torpaqlarında öz əhalisini məskunlaşdırır”.
Taleh Əliyev vurğulayıb ki, Azərbaycan münaqişə illərində xalqımıza qarşı törədilmiş mənəvi terroru unutmur, eyni zamanda sülh və sabitliyin təmin olunması istiqamətində humanizm siyasətini davam etdirir: “Azərbaycan işğal illərində ermənilərin xalqımıza qarşı törətdiyi mənəvi terroru unutmur. Bununla belə, humanizm siyasətinə sadiq qalaraq regionda sülh və əmin-amanlığın bərpası üçün lazımi addımlar atır, həm ikitərəfli əməkdaşlığı dərinləşdirir, həm də beynəlxalq əməkdaşlığa açıq olduğunu nümayiş etdirir”.
Müxbir – Pərvanə Qafarova