Sığortaçılar Assosiasiyası və “Global Finance Association QRAFT” arasında əməkdaşlıq sazişi imzalanıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Avstraliyada qeydiyyatdan keçmiş beynəlxalq qeyri-kommersiya peşəkar assosiasiyası “Global Finance Association QRAFT” (GFA QRAFT) arasında institusional üzvlük və əməkdaşlıq haqqında saziş imzalanıb.
ASA-dan AZƏRTAC-a verilən məlumata görə, sazişi assosiasiyanın icraçı direktoru Abas Miskərli və GFA QRAFT-ın Prezidenti Marina Şuklinova imzalayıblar.
Sənədə əsasən, ASA GFA QRAFT-da “Association Partner” kateqoriyası üzrə institusional üzv statusu əldə edir. Əməkdaşlıq sığorta və maliyyə bazarlarının inkişafı, beynəlxalq bilik və təcrübə mübadiləsi, təhsil və tədqiqat, eləcə də aktuar modelləşdirmə, risklərin idarə edilməsi, süni intellekt və rəqəmsal transformasiya sahələrində birgə təşəbbüsləri əhatə edir.
Tərəflər, həmçinin birgə peşəkar tədbirlərin, təhsil proqramlarının, tədqiqat və analitik layihələrin həyata keçirilməsini, Azərbaycan sığorta bazarının beynəlxalq platformalarda təmsilçiliyinin genişləndirilməsini nəzərdə tuturlar.
Saziş çərçivəsində ASA GFA QRAFT-ın Beynəlxalq Şurasında təmsil olunmaq üçün rəsmi nümayəndə namizəd göstərmək və Azərbaycan sığorta bazarı üçün aktual beynəlxalq layihə və təşəbbüslər irəli sürmək hüququ əldə edir.