Süni intellektin dövlət auditində tətbiqi Ali Auditorlar Palatasında nəzərdən keçirilib
Bakı, 17 sentyabr, AZƏRTAC
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın Ali Auditorlar Palatasının 30 illik yubiley tədbiri çərçivəsində Astana şəhərində keçirilən “Gələcəyin dövlət auditi: innovasiyalar, rəqəmsal transformasiya və dayanıqlı inkişaf” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Palatadan AZƏRTAC-a bildirilib ki, tədbirdə dövlət auditinin gələcək inkişaf perspektivləri, dövlət sektorunda süni intellektin tətbiqi, böyük verilənlər və rəqəmsal analitikanın dövlət auditində yaratdığı yeni imkanlar, habelə dayanıqlı inkişafın auditinin əsas istiqamətləri müzakirə olunub.
Konfrans çərçivəsində müxtəlif ölkələrin ali audit orqanlarının nümayəndələrinin fikir və təcrübə mübadiləsi aparması, dövlət auditində innovativ yanaşmaların və rəqəmsal həllərin tətbiqi ilə bağlı məsələlərin müzakirəsi yer alıb.
Konfransın bağlanış mərasimindən sonra Qazaxıstanın Ali Auditorlar Palatasının 30 illik yubileyinə həsr olunmuş təntənəli görüş və rəsmi qəbul təşkil edilib.