Cafer Dal: Azərbaycan Türk dünyası ilə Qafqaz arasında mühüm körpüdür
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan həm Türk dünyasının ayrılmaz hissəsi, həm də Qafqazın mühüm ölkələrindən biridir. Coğrafi mövqeyi, tarixi-mədəni irsi və regional əlaqələri Azərbaycanın Türk dünyası ilə Qafqaz arasında xüsusi bir körpü rolunu şərtləndirir.
Bunu türkiyəli siyasi ekspert Cafer Dal AZƏRTAC-a açıqlamasında deyib.
Ekspert bildirib ki, Azərbaycan Qafqazda yerləşən yeganə türk dövlətidir. Onun sözlərinə görə, bu xüsusiyyət ölkənin regional və beynəlxalq münasibətlər sistemindəki mövqeyinə də təsir göstərir.
“Azərbaycanı yalnız coğrafi baxımdan Qafqaz ölkəsi kimi qiymətləndirmək düzgün olmaz. Azərbaycan eyni zamanda dil, tarix, mədəniyyət və ortaq dəyərlər baxımından Türk dünyasının mühüm üzvüdür. Bu iki mühüm coğrafi və sivilizasion məkanın kəsişməsində yerləşməsi Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Son illərdə türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat və mədəni əlaqələrin inkişafı Azərbaycanın rolunu daha da gücləndirib. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa arasında nəqliyyat və logistika əlaqələrinin inkişafında fəal iştirakı ölkənin regional əhəmiyyətini artıran əsas amillərdəndir”, - deyə türkiyəli ekspert qeyd edib.
Cafer Dalın sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri də Türk dünyasının inteqrasiya prosesində xüsusi əhəmiyyət daşıyır: “İki ölkə arasında siyasi və iqtisadi əlaqələrlə yanaşı, enerji, nəqliyyat, müdafiə, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişlənməsi ümumi türk coğrafiyasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət edir. Azərbaycanın Qafqazdakı mövqeyi ilə Türk dünyasındakı fəal rolu bir-birini tamamlayır. Bakı həm Qafqazın regional proseslərində, həm də türk dövlətləri arasında əməkdaşlığın inkişafında mühüm təşəbbüslərlə çıxış edir. Azərbaycanın üstünlüklərindən biri onun həm Qafqaz, həm də Türk dünyası ilə bağlılığını eyni vaxtda inkişaf etdirə bilməsidir. Bu xüsusiyyət ölkəyə müxtəlif regionlar arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm imkanlar yaradır”.