Şərqşünas alim beynəlxalq konfransda Seyid Yəhya Bakuvi və xəlvətilik barədə məruzə edib
Bakı, 17 sentyabr, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini dosent Elnur Mustafayev Ağdam şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının müsəlman dini rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində azərbaycanlı mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi konfransda “Seyid Yəhya Bakuvi və xəlvətilik: ümumbəşəri dəyərlərin Azərbaycan modeli” mövzusunda məruzə ilə çıxış edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, E.Mustafayev çıxışında azərbaycanlı alim və mütəfəkkirlərin İslam mədəniyyətinin və elmlərinin inkişafındakı müstəsna rolu, xüsusən fəlsəfə, məntiq, dilçilik və digər rasional elmlər üzrə ərsəyə gətirdiyi kitablar, o cümlədən onların dünyanın müxtəlif kitabxana və muzeylərində qorunan əlyazma əsərləri haqqında ətraflı məlumat verib.
Daha sonra Seyid Yəhya Bakuvinin Azərbaycan elmi-fəlsəfi fikrinin inkişaf etdirilməsi sahəsindəki fəaliyyəti, elmi ictimaiyyətə məlum olan 20-ə yaxın əsəri və bu əsərlərin məzmunu barəsində ətraflı məlumat konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Məruzədə Seyid Yəhya Bakuvinin Türkiyə Cümhuriyyəti Süleymaniyyə kitabxanasında mühafizə edilən “Şifaül-əsrar” əsərində qeyd edilən mənəvi kamilləşmə, ruhi tərbiyə, əxlaqi fəzilətlərin təsnifatı haqqında söhbət açılıb, Bakuvinin əks etdirdiyi ümumbəşəri dəyərlərin Azərbaycan modelinin səciyyəvi cəhətləri və elmi siqləti barəsində bəhs olunub.