Aqrar Sığorta Fondunun sədri Şərurda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
Bakı, 17 sentyabr, AZƏRTAC
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Şərur Rayon İcra Hakimiyyətinin binasında Şərur rayonundan olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşə gələn vətəndaşların müraciətləri əsasən əkin sahələri və kənd təsərrüfatı heyvanlarının sığortalanması, aqrar sığorta haqlarının hesablanması, fermerlərə dövlət dəstəyi, güzəştli kreditlər və digər məsələlərlə bağlı olub.
Fuad Sadıqov vətəndaşların müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Görüş zamanı bildirilib ki, aqrar sığorta dövlət tərəfindən aqrar sahədə çalışan fermer və təsərrüfatlara mühüm dəstək mexanizmidir. Sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər sərfəli şərtlərlə aqrar sığortadan faydalanıb əkin sahələrini və heyvanlarını çoxsaylı hadisələrdən qoruya bilərlər.
Qarşıdan yeni sığorta mövsümünün, payızlıq taxıl əkini dövrünün gəldiyini xatırladan Fuad Sadıqov fermerlərə dövlətin yaratdığı bu imkandan faydalanmağı, əkin sahələrini və heyvanlarını sığortalamağı tövsiyə edib.
Görüşdən sonra Fuad Sadıqov Şərur rayonunun Düdəngə kəndində heyvandarlıq təsərrüfatı, eləcə də rayonun Aşağı Daşarx kəndində meyvə bağına baxış keçirib fermerləri dinləyib, fermerlərlə aqrar sahə ilə bağlı fikir mübadiləsi aparılıb.