Beyləqanda Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlərlə bağlı monitorinq aparılıb
Beyləqan, 17 sentyabr, AZƏRTAC
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Beyləqan rayonunda həyata keçirilməsi nəzərdə tutulan işlərin monitorinqi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi, Prezident Administrasiyasının, Kənd Təsərrüfatı Nazirliyinin məsul əməkdaşları və aidiyyəti qurumların nümayəndələri “Şəhid Cabir” KFT MMC, “Eden Agro” MMC, “Qarabağ Toxum” MMC, “PrimeCotton” İFT MMC-də və sahibkar Möhübbət Məmmədovun fermer təsərrüfatlarında olublar.
Təsərrüfatlarda mövcud imkanlar və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Kənd təsərrüfatının inkişafı, mövcud istehsal potensialından səmərəli istifadə, məhsuldarlığın artırılması, müasir və innovativ yanaşmaların tətbiqi, istehsal və emal imkanlarının genişləndirilməsi, eləcə də sahibkarların qarşılaşdıqları məsələlər müzakirə olunub.
Fermer və sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və qarşıda duran hədəflər nəzərdən keçirilib.
Sonra Beyləqan Rayon İcra Hakimiyyətində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfat nümayəndələrinin, aidiyyəti dövlət qurumlarının rəhbərlərinin və qərargah üzvlərinin iştirakı ilə görüş keçirilib.
Görüşdə Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib, qarşıda duran vəzifələr müzakirə olunub. Fermer və sahibkarların təklifləri dinlənilib, sualları cavablandırılıb. Aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələr verilib.
Müxbir – Tahir Ağaməmmədov