Dövlət Agentliyi: Kalibrləmə nəticələri "E-keyfiyyet" vasitəsilə rəsmiləşdirilməlidir
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində akkreditasiya edilmiş kalibrləmə laboratoriyaları ilə Keyfiyyət informasiya sistemindən (E-keyfiyyet.gov.az) istifadə qaydaları və bu sahədə qanunvericiliyin tələbləri ilə bağlı maarifləndirici görüş keçirilib.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə kalibrləmə fəaliyyətini həyata keçirən 15 kalibrləmə laboratoriyasının 20-ə yaxın nümayəndəsi iştirak edib.
Görüş zamanı Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin sektor müdiri Bəhruz Baxşəliyev deyib ki, qanunvericilikdə edilmiş dəyişikliyə əsasən, akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən uyğunluğun qiymətləndirilməsi fəaliyyəti, o cümlədən kalibrləmə laboratoriyaları tərəfindən kalibrləmə fəaliyyətinin yerinə yetirilməsi nəticələrinin rəsmiləşdirilməsi Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirilməlidir.
Tədbirdə agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin əməkdaşı Nəriman Kamallı sözügedən informasiya sistemi vasitəsilə yaradılmış və rəsmiləşdirilmiş sənədlər, uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan qurumlar barəsində agentlik tərəfindən görülmüş tədbirlərə dair statistik məlumatları əks etdirən təqdimatla çıxış edib.
Görüşdə, həmçinin kalibrləmə laboratoriyaları tərəfindən “ASAN İmza” və ya elektron imzadan istifadə etməklə Keyfiyyət informasiya sistemi vasitəsilə fəaliyyətin nəticəsinə dair sifarişçilərə təqdim olunan ölçmə vasitələrinin kalibrlənmə sertifikatlarının elektron qaydada yaradılması məsələsinə toxunulub. Qeyd olunub ki, elektron formada yaradılan sənədlər üzərində eyniləşdirmənin aparılmasına imkan verən QR kodlarla təqdim edildiyindən sənədlərin tanınması vətəndaşların müvafiq qurumlara etimadının artırılmasına xidmət edir.