Sanksiyalara baxmayaraq, Şimali koreyalı nazir Yaponiyaya səfər edib
Pekin, 17 sentyabr, AZƏRTAC
Şimali Koreyanın idman naziri Kim İl Quk Yaponiyada keçiriləcək Asiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün sentyabrın 17-də Tokoname şəhərinə gəlib.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, bu, təxminən 8 il ərzində Şimali Koreyadan olan nazirin Yaponiyaya ilk səfərdir. Kim İl Quk sonuncu dəfə 2018-ci ildə mühüm beynəlxalq idman tədbiri üçün Tokioda olub. O, Yaponiyaya Çin vasitəsilə gəlib.
Yaponiya Pxenyanın nüvə və raket proqramlarına qarşı tətbiq edilən sanksiyalar çərçivəsində Şimali Koreya vətəndaşlarının Yaponiyaya girişini qadağan edib, lakin idman tədbirləri üçün istisnalar edir. İki ölkə arasında diplomatik əlaqələr mövcud deyil. Bu səfər həm də Yaponiya Baş naziri Sanae Takaiçinin ikitərəfli münasibətlərdəki çıxılmaz vəziyyəti aradan qaldırmaq məqsədilə Şimali Koreya lideri Kim Çen Inla görüşməyi istisna etmədiyini bildirdiyi bir vaxta təsadüf edir.
Qeyd edək ki, sentyabrın 19-dan oktyabrın 4-dək davam edəcək Oyunlarda iştirak edəcək Şimali Koreya nümayəndə heyətinin təxminən 180 idmançı və rəsmidən ibarət olması gözlənilir. Bu, Pxenyanın Yaponiyadakı hər hansı idman tədbirinə göndərdiyi ən böyük heyətdir. Ölkənin kişi və qadın futbol komandaları artıq mübarizəyə başlayıb. Qadın komandası açılış matçında Banqladeşə qalib gəlib, kişi komandası isə Çinə məğlub olub.