Ekspert: Yüksək neft qiymətlərinə baxmayaraq “qara qızıl”ın büdcə qiyməti sabit saxlanılır
Bakı, 17 sentyabr, AZƏRTAC
Bu ilin I yarısında dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiymətinin orta hesabla 95 dollar, son günlər isə 100 dollardan çox olmasına baxmayaraq “qara qızıl”ın büdcə qiyməti sabit saxlanılır.
Bunu AZƏRTAC-a açıqlaması zamanı maliyyəçi-ekspert Namiq Hüseynov Maliyyə Nazirliyinin yaydığı 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamanı şərh edərkən bildirib.
“Azərbaycan hökuməti Dövlət Neft Fondundan (ARDNF) transfertlərin dövlət büdcəsində payının azaldılması siyasətinə sadiqdir. Gələn il neftin büdcə qiyməti 65 dollar götürülüb. 2027-ci ildə büdcə gəlirləri 39,2 milyard manat proqnozlaşdırılır ki, bunun da 11,9 milyard manatını yaxud 30,3 faizini ARDNF təmin edəcək. Halbuki, bu il Fondun büdcə öhdəliyi 12,8 milyard manatdır. Bu isə 38,6 milyard manat proqnozlaşdırılan büdcə gəlirlərinin 33,3 faizi deməkdir. Yəni, transferlərin xüsusi çəkisində 3 faiz bəndi azalma var. Yaxın 4 ildə isə ARDNF-dən transfertlərin büdcədə payının 23 faizə endirilməsi hədəflənir. Belə ki, 2030-cu ildə büdcə gəlirlərinin 40,6 milyard manat olacağı gözlənilir. Bunun da 9,35 milyard manatı Fondun hesabına formalaşmalıdır”, - deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, əvəzində vergi-gömrük orqanlarının birgə büdcə öhdəliyi artırılır: “Gələn il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti büdcəyə builkindən 9 faiz çox – 18,4 milyard manat, Dövlət Gömrük Komitəsi isə eyni məbləğdə - 6,9 milyard manat köçürməli olacaq. Hesablama Palatasının tövsiyəsi nəzərə alınaraq Komitənin büdcə öhdəliyi artırılmayıb. Beləliklə, iki qurum birlikdə gələnilki büdcə gəlirlərinin 25,3 milyard manatını və yaxud 64,5 faizini təmin etməli olacaq. Bu il bu nisbət 61,5 faizdir. Yəni, vergi-gömrük daxilolmalarının xüsusi çəkisində 3 faiz bəndi artım var”.