TƏBİB: Pasiyent təhlükəsizliyi kompleks sistem vasitəsilə təmin olunur
Bakı, 17 sentyabr, AZƏRTAC
Tibb müəssisələrində müxtəlif böhran vəziyyətlərinə operativ müdaxilə üçün “Qırmızı”, “Mavi”, “Çəhrayı” və “Ağ” kodlar tətbiq edilir. Bu kodlar ürək və tənəffüs dayanması, yenidoğulmuş və ya uşaq qaçırılması, əməkdaşlara qarşı zorakılıq, eləcə də digər təxirəsalınmaz hallarda çevik və koordinasiyalı müdaxiləni təmin edir.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.
Qeyd edilib ki, pasiyent təhlükəsizliyinin bütün istiqamətlər üzrə əlaqələndirilməsi üçün tibb müəssisələrində Pasiyent təhlükəsizliyi komitələri fəaliyyət göstərir. Komitələrin fəaliyyətinə dərman, radiasiya və tibbi cihaz təhlükəsizliyi, infeksion nəzarət, pasiyent məxfiliyi, məlumatların təhlükəsiz ötürülməsi, təhlükəsiz köçürülmə, laboratoriya təhlükəsizliyi və digər istiqamətlər daxildir.
Eyni zamanda, Obyekt təhlükəsizliyi komitəsi tibb müəssisəsinin infrastrukturunun, pasiyentlərin və əməkdaşların həyat və əmlak təhlükəsizliyinin, böhran vəziyyətlərinin, tullantıların və təhlükəli maddələrin idarəolunmasının, eləcə də tibbi cihazların texniki baxış və kalibrasiyasının təhlükəsiz şəkildə həyata keçirilməsinə nəzarət edir.
Beləliklə, pasiyent təhlükəsizliyi tibb müəssisələrində yalnız tibbi müdaxilələrlə məhdudlaşmır, identifikasiya, risklərin əvvəlcədən müəyyənləşdirilməsi, təhlükəsizlik protokolları, böhran vəziyyətlərinə hazırlıq, infeksion nəzarət və infrastruktur təhlükəsizliyini əhatə edən kompleks sistem vasitəsilə təmin olunur.
Qeyd edək ki, sentyabrın 17-si Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür.
Müxbir - Günel Türksoy