Kimya İnstitutunun alimlərindən yeni texnoloji layihələr
Bakı, 18 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun “Oksidləşmiş və qarışıq mis filizlərinin emalı texnologiyasının işlənib hazırlanması” layihəsi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovativ İnkişaf Agentliyinin birgə keçirdiyi müsabiqədə qalib olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Əlvan və qara metal tərkibli mineral xammalın emalı laboratoriyasının alimlərinin iştirakı ilə hazırlanan layihəyə böyük elmi işçi, kimya üzrə fəlsəfə doktoru Gülnar Alişanlı rəhbərlik edir. Tədqiqat heyətində laboratoriyanın əməkdaşları Arif Heydərov, Nuranə Abbasova, Aybəniz Quliyeva, Aysel Muradova və Elnur Orucov təmsil olunurlar.
Layihə Gədəbəy mədən ərazisinin oksidləşmiş və qarışıq mis filizləri və tullantılarının, həmçinin Özbəkistanın Almalıq Mədən və Metallurgiya Zavoduna məxsus Kalmakır yatağının oksidləşmiş və qarışıq mis filizlərinin kompleks emalına yönəlib. Layihənin həyata keçirilməsi nəticəsində aşağı dərəcəli oksidləşmiş və qarışıq mis filizlərinin, eləcə də müəyyən növ aşağı dərəcəli mis tullantılarının emalı üçün yeni texnoloji sxemlərin hazırlanması nəzərdə tutulur.
Qalib layihələr sırasında Azərbaycan və Özbəkistan alimlərinin əməkdaşlığı çərçivəsində oksidləşmiş və qarışıq mis filizlərinin emalı texnologiyasının işlənib hazırlanmasına yönəlmiş tədqiqat da yer alıb. Gülnar Alişanlının rəhbərlik etdiyi layihə Gədəbəy və Özbəkistanın Kalmakır yataqlarının filiz və tullantılarının kompleks emalını əhatə edir. Tədqiqat nəticəsində aşağı dərəcəli mis filizləri və tullantılarının emalı üçün yeni texnoloji yanaşmaların hazırlanması planlaşdırılır.