Rasim Musabəyov: Azərbaycan Türk dünyasının təbii mərkəzi kimi çıxış edir
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan coğrafi baxımdan Türk dünyasının tam ortasında yerləşməklə bu məkanda özünəməxsus mövqeyə malikdir. Qərbdə demoqrafik, iqtisadi və hərbi baxımdan güclü, çoxəsrlik dövlətçilik ənənələrinə malik Türkiyə yerləşir. Şərqdə isə Mərkəzi Asiyanın türk dövlətləri yerləşir ki, onların arasında 40 milyon əhalisi, qədim tarixi, zəngin mədəniyyəti və silahlı qüvvələri olan Özbəkistanı ayrıca qeyd etmək istərdim.
Bu fikirləri Milli Məclisin deputatı Rasim Musabəyov AZƏRTAC-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Türk dünyasının təbii mərkəzi kimi çıxış edir. “Müstəqillik illərində Türkiyə ilə ən möhkəm əlaqələri Azərbaycan qurub. Qarşılıqlı investisiyaların həcmi 20 milyard dolları ötür, ölkəmizin strateji müttəfiqlik müqaviləsi var, iki ölkənin silahlı qüvvələri isə faktiki olaraq inteqrasiya edilib. Bundan əlavə, Azərbaycan latın əlifbasına ilk keçən ölkə olub”, – deyə o qeyd edib.
Digər tərəfdən, R.Musabəyov hesab edir ki, Azərbaycan təxminən 200 il ərzində Rusiya imperiyasının türkdilli əhalisinin yaşadığı ərazilərlə, daha sonra isə SSRİ tərkibində Mərkəzi Asiya respublikaları ilə vahid məkan daxilində olub. Həmin dövrdən etibarən bu dövlətlərlə sıx əlaqələrimiz qorunub saxlanılır.
“Bunun sayəsində Azərbaycan Türkiyə ilə inteqrasiya təcrübəsini Mərkəzi Asiyadakı qardaşlarına fəal ötürür və regional əlaqələndirici halqa kimi bu rolu daha da möhkəmlənəcək”, – deyə deputat fikrini yekunlaşdırıb.