Könül Nəsirova: Milli Musiqi Günü zəngin sənət irsimizə və milli dəyərlərə ehtiramın rəmzidir
Bakı, 18 sentyabr, AZƏRTAC
Milli Musiqi Günü Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət daşıyır. Bu tarix xalqımızın zəngin sənət irsinə, Şərq və Qərb ənənələrinin vəhdətinə, eləcə də milli dəyərlərə ehtiramın rəmzidir. Əlamətdar günün dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum gününə təsadüf etməsi böyük məna kəsb edir. O, peşəkar musiqi mədəniyyətimizin banisi olmaqla yanaşı, köklü ənənələrimizi Avropa sistemi ilə qovuşduraraq sənətimizin yeni inkişaf mərhələsini başladan şəxsiyyətdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Nəsirova söyləyib.
O qeyd edib ki, məhz Üzeyir bəyin çoxşaxəli fəaliyyəti nəticəsində bu gün milli musiqi dedikdə yalnız xalq mahnıları, muğam və aşıq sənəti deyil, həm də görkəmli Azərbaycan bəstəkarlarının yaradıcılığı, nəhəng ifaçılıq məktəbi, mükəmməl musiqi təhsili və zəngin musiqi elmi nəzərdə tutulur. Bu istiqamətlərin formalaşmasında Üzeyir Hacıbəylinin misilsiz rolu olub.
“Milli Musiqi Gününün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gerçəkləşib. Bu ənənənin Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməsi dövlət tərəfindən Azərbaycan musiqi mədəniyyətinə göstərilən diqqətin bariz nümunəsidir. Milli Musiqi Günü milli musiqi irsinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Bu gün biz həm keçmişə nəzər salır, zəngin musiqi irsimizi xatırlayır, həm də onun gələcək nəsillərə ötürülməsi və inkişaf etdirilməsi istiqamətində görülən işlərə diqqət yetiririk”, - deyə K.Nəsirova əlavə edib.
Müxbir – Fidan Əlizadə