Nazir müavini: Yeni qanun layihəsi istehsalçıların dəstəklənməsi və ərzaq təhlükəsizliyi baxımından mühüm addımdır
Bakı, 18 sentyabr, AZƏRTAC
Kreditlərin geri ödənilməsi ilə təsərrüfat ili anlayışının üst-üstə düşməməsi fermerlərin əsas problemlərindən biridir. Çünki dövriyyə vəsaiti fermerə təsərrüfat ilinin başında lazımdır və təsərrüfat dövründə də həmin vəsaitdən istifadə edilməsi həyata keçirilir. Amma geri ödənilmə fermer tərəfindən çox vaxt məhsul əldə edildikdən sonra, yəni məhsulun satışı həyata keçirildikdən sonra yaranır. Bu isə ümumi kreditlərin geri ödənilməsi prosesi ilə üst-üstə düşmürdü və fermerlərə çətinlik yaradırdı.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsinin sentyabrın 18-də keçirilən iclasında "Məhsul şəhadətnaməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.
“Beynəlxalq təşkilatların və digər ölkələrin təcrübəsinə baxdıq. Biz məhsul şəhadətnaməsi və bunun tətbiqini həyata keçirən ölkələrdəki təcrübə ilə tanış olduq. Təqdim olunan qanun layihəsi də bunun nəticəsində hazırlandı.
Biz Rusiya, Ukrayna, Qazaxıstan və Braziliyanın bu sahədəki təcrübələrini araşdırdıq. Ona görə də bu layihəni istehsalçıların dəstəklənməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirə bilərik. Yəni məhsul şəhadətnaməsi öhdəliyin icrasını təmin edən təminatlı qiymətli kağızdır.
Borclu bununla məhsulu və ya pul məbləğini mübahisəsiz şəkildə təhvil-təslim aktı əsasında vermək öhdəliyini götürür", - deyə nazir müavini qeyd edib.