Şagirdlər ev tapşırıqlarında süni intellektdən istifadə etməlidirlərmi?
Bakı, 18 sentyabr, AZƏRTAC
Süni intellektin (Sİ) tədris prosesinə inteqrasiyası müəllim və şagirdlərin öyrənmə təcrübəsini yenidən formalaşdırır. Bu dəyişikliklər fonunda son illər ən çox müzakirə olunan məsələlərdən biri də ev tapşırıqlarının əhəmiyyətidir. Bəs süni intellekt dövründə ənənəvi ev tapşırıqları hələ də öz aktuallığını qoruyurmu?
Təhsil texnologiyaları üzrə elmi tədqiqatçı Aysel Nağıyeva AZƏRTAC-a açıqlamasında bildirib ki, bu suala cavab axtaran tədqiqatçılar yaxın gələcəkdə süni intellektin ev tapşırıqlarının yerinə yetirdiyi bir çox funksiyanı öz üzərinə götürə biləcəyini hesab edirlər. Nəticədə təhsil sistemi daha çox fərdiləşdirilmiş, layihə əsaslı və praktik öyrənmə modelinə keçid edə bilər.
Ev tapşırıqları əsrlər boyu təhsilin ayrılmaz hissəsi hesab olunub. Tarixi mənbələr göstərir ki, bu ənənənin əsasları hələ qədim Roma və Yunanıstanda formalaşıb. Həmin dövrdə şagirdlərə dərsdən kənarda əlavə oxu materialları və çalışmalar verilirdi. Məqsəd öyrənilən bilikləri möhkəmləndirmək, müstəqil düşünmə bacarıqlarını inkişaf etdirmək və şagirdləri gələcək həyata hazırlamaq idi.
Lakin müasir dövrdə bu yanaşmanın effektivliyi ilə bağlı fərqli fikirlər mövcuddur. Bir çox mütəxəssis hesab edir ki, həddindən artıq ev tapşırıqları uşaqlarda stres yaradır, onların istirahətinə, ailə üzvləri ilə ünsiyyətinə və yaradıcılıq fəaliyyətlərinə ayırdıqları vaxtı azaldır. Digər tərəfdən, ev tapşırıqlarının məsuliyyət hissinin formalaşmasına və öyrənilən biliklərin möhkəmləndirilməsinə töhfə verdiyini düşünənlər də az deyil.
A.Nağıyeva qeyd edib ki, təhsil tədqiqatçıları diqqəti başqa bir maraqlı məqama da yönəldirlər. Müstəmləkəçilikdən əvvəl dünyanın müxtəlif xalqlarında tətbiq olunan təhsil modellərində ev tapşırığı anlayışı indiki formada mövcud deyildi. Öyrənmə əsasən gündəlik həyat fəaliyyəti, müşahidə, təcrübə, hekayəçilik və icma daxilində əməkdaşlıq vasitəsilə həyata keçirilirdi. Bu yanaşmalar şagirdlərin biliklərini real həyat situasiyalarında tətbiq etmələrinə imkan yaradırdı.
Bu baxımdan, Finlandiyanın təhsil təcrübəsi də maraqlı nümunə təqdim edir. Finlandiyada ev tapşırıqları təhsildən tamamilə çıxarılmayıb və ölkə üzrə bütün məktəblər üçün vahid ev tapşırığı limiti müəyyən edilməyib. Məktəblər və müəllimlər tədrisin təşkili, metodların seçilməsi və istifadə olunan materialların müəyyənləşdirilməsi baxımından yüksək muxtariyyətə malikdirlər. Eyni zamanda, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatlarına görə, Finlandiyada şagirdlərin ev tapşırıqlarına ayırdığı vaxt bir sıra digər ölkələrlə müqayisədə daha azdır. Finlandiyanın Milli Təhsil Agentliyi bildirir ki, şagirdlərin fərdi ehtiyaclarından asılı olaraq fərdi ev tapşırıqları, müxtəlif materiallar və müxtəlif həcmdə müstəqil iş tətbiq oluna bilər. Bu yanaşma göstərir ki, gələcəyin məktəbində əsas məsələ bütün şagirdlərə eyni sayda və eyni formada tapşırıq vermək deyil, konkret şagird üçün hansı fəaliyyətin həqiqətən faydalı olduğunu müəyyənləşdirməkdir.
A.Nağıyeva müasir texnologiyaların, xüsusilə süni intellektin, bu yanaşmaları daha da aktuallaşdırdığını bildirib: “Artıq Sİ əsaslı alətlər şagirdlərin öyrənmə prosesindən əldə olunan məlumatlar əsasında onların çətinlik çəkdiyi mövzuları və fərdi ehtiyaclarını müəyyənləşdirə, müəllimlərə isə fərdiləşdirilmiş tapşırıqlar hazırlamaqda dəstək göstərə bilər. Bu isə bütün sinif üçün eyni tipli ev tapşırıqları vermək zərurətini müəyyən qədər azaldır”.
O, əlavə edib ki, gələcəyin məktəbində təkrarlanan yazılı tapşırıqlardan daha çox layihələrə, tədqiqat fəaliyyətinə, real problemlərin həllinə və komanda işinə üstünlük veriləcək. Mütəxəssislərin fikrincə, belə yanaşma şagirdlərdə tənqidi düşünmə, yaradıcılıq, ünsiyyət və əməkdaşlıq bacarıqlarının inkişafına mühüm töhfə verə bilər.
Bununla belə, ekspertlər ev tapşırıqlarının tamamilə ləğv olunmasının yaxın perspektivdə real görünmədiyini də bildirirlər. Əksinə, onların məzmununun dəyişməsi və daha məqsədyönlü xarakter alması gözlənilir. Süni intellekt rutin tapşırıqların hazırlanması və qiymətləndirilməsinin müəyyən hissəsini avtomatlaşdıra, müəllimlər isə qazandıqları vaxtı şagirdlərlə fərdi işləməyə və daha keyfiyyətli öyrənmə mühiti yaratmağa sərf edə bilərlər.
“Müasir nəsil rəqəmsal texnologiyaların geniş yayıldığı mühitdə böyüyür. Bu nəslin öyrənmə təcrübəsi əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənir. Məhz buna görə təhsil sistemi onların dəyişən ehtiyaclarına uyğun yenilənməlidir. Bu yenilənmənin əsas istiqamətlərindən biri də ev tapşırıqlarının məqsəd və formasının yenidən nəzərdən keçirilməsidir.
Bəlkə də gələcəyin məktəbində sual artıq “Şagirdə nə qədər ev tapşırığı verməliyik?” olmayacaq. Əsas sual “Şagirdin məktəbdən kənarda etdiyi hansı fəaliyyət onun real öyrənməsinə və inkişafına ən çox töhfə verə bilər?” olacaq”,-deyə A.Nağıyeva bildirib.
Müxbir - Xatirə Cəfərova