Kimyaçı-alimlər infraqırmızı şüalanmaya həssas yeni materialların xüsusiyyətlərini tədqiq ediblər
Bakı, 18 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Nanoelektrokimya və hidrogen enerjisi laboratoriyasının əməkdaşları Sevinc Cavadova, Vüsalə Məcidzadə, Samirə Cəfərova və Akif Əliyevin digər həmkarlarla birgə apardıqları tədqiqatın nəticələri beynəlxalq elmi jurnalda dərc olunub.
Kimya İnstitutundan AZƏRTAC-a bildirilib ki, “Elektrokimyəvi çökdürülmə üsulu ilə alınmış Bi₂Se₃ nazik təbəqələrinin yarımkeçirici xassələrinin və xronoamperometriyasının tədqiqi” adlı məqalə “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarında indeksləşən Q1 kateqoriyalı “Nanomaterials” jurnalında yayımlanıb.
Tədqiqatda susuz etilen-qlikoləsaslı elektrolitdən istifadə etməklə nazik Bi2Se3 təbəqələrinin elektroçökdürülməsi və onların arqon mühitində termiki emalından sonra xassələrində baş verən dəyişikliklər araşdırılıb.
Aparılan analizlər nəticəsində Bi₂Se₃ nazik təbəqələrinin romboedrik kristal quruluşa malik olduğu təsdiqlənib. Eyni zamanda, təbəqələrin səthində cüzi oksidləşmə müşahidə olunub. Təbəqələrin yarımkeçirici xüsusiyyətlərini xarakterizə etmək üçün elektrik və temperaturdan asılı keçiricilik ölçmələrindən istifadə olunub. Həmçinin 2800-4000 nanometr dalğa uzunluğu diapazonunda aparılan infraqırmızı fotokeçiricilik ölçmələri ilə, Bi2Se3-ün qadağan olunmuş zolaq enerjisi yaxınlığında nəzərəçarpacaq fotocavab aşkar edilib. Əldə edilən nəticələr, elektroçökdürülmüş Bi2Se3 nazik təbəqələrinin infraqırmızı şüalanmaya həssas yarımkeçirici və optoelektron tətbiqlər üçün potensialını nümayiş etdirir.