Bakı türk dövlətləri arasında strateji məsləhətləşmələr üçün mühüm ünvana çevrilib - ŞƏRH
Bakı, 18 sentyabr, AZƏRTAC
Son günlər Bakının Türk Dövlətləri Təşkilatının (TDT) mühüm tədbirlərinə ardıcıl ev sahibliyi etməsi Azərbaycanın Türk dünyasındakı siyasi və diplomatik rolunun yeni mərhələsini göstərir. Bir neçə gün əvvəl TDT-yə üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII toplantısının, ardınca isə Təhlükəsizlik Şuraları katiblərinin V toplantısının Bakıda keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC- a açıqlamasında jurnalist, siyasi şərhçi, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Murad Hüseynli deyib. O bildirib ki, bu iki tədbirin fərqli gündəliyə malik olması diqqətçəkəndir. Birinci görüş türk dövlətlərini birləşdirən mənəvi və dini dəyərlər ətrafında dialoqa, ikinci toplantı isə regional və qlobal təhlükəsizlik çağırışlarına həsr olunub. Fərqli istiqamətlərin qısa müddətdə Bakıda müzakirə edilməsi Azərbaycanın TDT çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığı birləşdirən mühüm platformaya çevrildiyini göstərir. Bu mənzərə Azərbaycanın TDT-dəki roluna yalnız üzv dövlət kontekstində yanaşmağın kifayət etmədiyini ortaya qoyur. Bakı son illərdə türk dövlətləri arasında siyasi dialoq, strateji məsləhətləşmələr və çoxtərəfli əməkdaşlıq üçün mühüm ünvanlardan birinə çevrilib. Təhlükəsizlik Şuraları katiblərinin toplantısının Bakıda keçirilməsi də bu sahənin təşkilatın gündəliyində artan əhəmiyyətini nümayiş etdirir.
Onun sözlərinə görə, TDT-nin inkişaf edən gündəliyi türk dövlətləri arasındakı münasibətlərin tarixi-mədəni yaxınlıqla məhdudlaşmadığını göstərir: “Təhlükəsizlik, nəqliyyat, enerji, kommunikasiya, rəqəmsal texnologiyalar və digər strateji istiqamətlər əməkdaşlığın yeni ölçülərini formalaşdırır. Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat imkanları və diplomatik təcrübəsi bu prosesdə Bakının regional əhəmiyyətini artırır.
Təhlükəsizlik sahəsində yeni reallıqlar isə daha sıx koordinasiyanı zəruri edir. Terrorçuluq, transmilli cinayətkarlıq, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun təhlükəsizliyi kimi çağırışlar dövlət sərhədləri ilə məhdudlaşmır. Bu baxımdan TDT daxilində təhlükəsizlik qurumları arasında institusional əlaqələrin genişləndirilməsi gələcək əməkdaşlığın mühüm istiqamətlərindən biri ola bilər”.
M.Hüseynli vurğulayıb ki, Bakının son günlərdəki diplomatik gündəliyi bu tendensiyanın konkret nümunəsidir. Dini liderlərin görüşü Türk dünyasının ortaq mənəvi dəyərlərini, təhlükəsizlik rəsmilərinin toplantısı isə əməkdaşlığın strateji ölçüsünü ön plana çıxarıb. Bununla Azərbaycan TDT məkanında müxtəlif səviyyələrdə dialoq üçün əlverişli siyasi mühit formalaşdıran ölkə kimi çıxış edir. Azərbaycanın rolu yalnız yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməsi ilə məhdudlaşmır. Əsas məqam Bakının müxtəlif mövzular üzrə tərəfdaş dövlətləri bir araya gətirməsi və ortaq gündəliklərin müzakirəsinə şərait yaratmasıdır. Bu xüsusiyyət Azərbaycanın TDT daxilində diplomatik çəkisini və təşəbbüslərinin əhəmiyyətini artıran amillərdəndir.
“Nəticə etibarilə qısa müddətdə Bakıda keçirilən iki fərqli, lakin strateji baxımdan bir-birini tamamlayan TDT tədbiri Azərbaycanın təşkilat daxilində formalaşan rolunu aydın göstərir. Bakı artıq yalnız tədbirlərin keçirildiyi məkan deyil, türk dövlətlərinin ortaq məsələləri müzakirə etdiyi və yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdiyi mühüm platformalardan biridir”, - deyə Murad Hüseynli qeyd edib.
O əlavə edib ki, TDT-nin beynəlxalq sistemdə rolu genişləndikcə siyasi, təhlükəsizlik və iqtisadi əməkdaşlıq imkanlarının da artması gözlənilir. Bu baxımdan Azərbaycanın təşkilat daxilində fəal iştirakı və Bakının çoxtərəfli dialoq məkanı kimi mövqeyi türk dövlətləri arasında əməkdaşlığın gələcək mərhələsi üçün xüsusi əhəmiyyət daşıyır.