® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
“Expressbank” maliyyə savadlılığının artırılması və gənclərin müasir maliyyə xidmətlərindən daha təhlükəsiz şəkildə istifadəsinin təşviqi istiqamətində fəaliyyətinin davamı olaraq tələbələrlə görüşüb. Bank tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri üçün rəqəmsal bankçılıq, kibertəhlükəsizlik və istehlakçı hüquqları mövzularını əhatə edən təlimlər təşkil olunub.
Təlimlər çərçivəsində tələbələrə debit və kredit kartlarının əsas fərqləri, kart məhsulları seçilərkən diqqət edilməli məqamlar, rəqəmsal ödəniş üsulları, NFC və QR ödənişlər, həmçinin “Apple Pay” və “Google Pay” kimi rəqəmsal ödəniş həllərindən təhlükəsiz istifadə barədə məlumat verilib. Bununla yanaşı, şəxsi məlumatların qorunmasının əhəmiyyəti, sosial şəbəkələrdə həssas məlumatların paylaşılmaması, onlayn hesabların şifrələrinin mütəmadi yenilənməsi və ictimai Wi-Fi şəbəkələrindən istifadə zamanı ehtiyatlı davranmağın vacibliyi diqqətə çatdırılıb.
Təlimin digər istiqaməti kibertəhlükəsizlik olub. Tələbələr fişinqin müxtəlif formaları, onlayn dələduzluq və fırıldaqçılıq üsulları, eləcə də bu risklərdən qorunmaq üçün tətbiq edilə biləcək praktiki müdafiə üsulları barədə məlumatlandırılıblar.
İstehlakçı hüquqları mövzusunda isə bankla bağlanan müqavilələr zamanı diqqət edilməli əsas məqamlar, Standart Məlumatlandırma Formasının mahiyyəti və müştərinin bu sənədi imzalamazdan əvvəl diqqətlə oxumasının əhəmiyyəti izah edilib. Həmçinin hər hansı narazılıq və ya problem yarandığı halda ilk növbədə maliyyə institutuna müraciət etməyin əhəmiyyəti, Mərkəzi Banka və məhkəməyə müraciət imkanları və bu proseslərin ümumi qaydası barədə məlumat verilib.
Təlimlər “Expressbank”ın peşəkar təlimçiləri – İqtisadi təhlükəsizlik şöbəsinin müdiri Tofiq Mehdiyev və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Alvina Əliyeva tərəfindən keçirilib.
“Expressbank” məsuliyyətli maliyyə qurumu olaraq cəmiyyətin maliyyə savadlılığının yüksəldilməsini sosial məsuliyyət strategiyasının mühüm istiqamətlərindən biri hesab edir. Bank xüsusilə gənclərin maliyyə məhsulları və xidmətləri barədə düzgün məlumatlandırılmasına, rəqəmsal maliyyə alətlərindən təhlükəsiz istifadənin təşviqinə və istehlakçı hüquqları barədə məlumatlılığın artırılmasına xüsusi önəm verir. Bu istiqamətdə həyata keçirilən maarifləndirici təşəbbüslərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
“Expressbank” ASC ARMB tərəfindən 1992-ci il 30 dekabr tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, 134C.