BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
Bakı, 29 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatı tərəfindən Vətən müharibəsinin altıncı ildönümünə həsr olunmuş “Zəfər ayı” layihəsi çərçivəsində “Yaddaşımızda yaşayan qəhrəmanlar” mövzusunda tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə beynəlxalq əlaqələr üzrə prorektor Şahin Pənahov qeyd edib ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsidir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ilə Azərbaycanın müasir tarixinin ən mühüm səhifələrindən biri yazılıb. 44 gün davam edən müharibədə Azərbaycan xalqının həmrəyliyi, Ordumuzun gücü və Vətən uğrunda mübarizə əzmi dünyaya nümayiş etdirilib. Prorektor bu şanlı tarixin gələcək nəsillərə milli həmrəyliyin, vətənpərvərliyin və azadlıq uğrunda mübarizənin ən parlaq nümunəsi kimi ötürüləcəyini vurğulayıb: “Bu Qələbə böyük itkilər hesabına əldə edildi. Vətən müharibəsində 3000-ə yaxın hərbi qulluqçumuz şəhid oldu, mindən artıq hərbçimiz yaralanaraq sağlamlığını itirdi. Onların hər birinin həyat yolu gənclərimiz üçün örnəkdir. Bu gün Azərbaycan Zəfərin yaratdığı yeni reallıqlarla yaşayır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir”.
Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, Vətən müharibəsində Qələbə yalnız tarixi ədalətin deyil, milli qürurun bərpasıdır: “Azərbaycan qalib ölkə kimi bütün regionda yeni geosiyasi reallıq yaratdı. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan 30 qalib tərəfə çevrildi. Qarabağda əldə olunan Zəfərin ardınca 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü ilə yanaşı, dövlət suverenliyi də tam təmin olundu. Bu hadisədən sonra Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırda ölkəmiz nəinki regionda, dünyada sülh tərəfdarı ölkə kimi nümunəyə, yenidən dirçəlişin simvoluna çevrilib”.
Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağababalı, II Qarabağ müharibəsinin qazisi, müharibə veteranı Sübhan Əliyev və BDU-nun dosenti, l Qarabağ müharibəsi iştirakçısı Knyaz Aslan çıxışlarında bu qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildiriblər.
Tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam edib.