Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir
Astana, 29 sentyabr, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Berlində Almaniyanın “Deutsche Bahn” və “Rhenus Group” şirkətlərinin rəhbərləri ilə görüşlərində müzakirə edilən məsələlərdən biri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzrə əməkdaşlığın inkişaf etdirilməsi olub.
AZƏRTAC Prezidentin mətbuat xidmətinin yaydığı məlumata istinadla xəbər verir ki, yük konteyner daşımalarının inkişafı sahəsində fəal əməkdaşlıq qeyd olunub və TITR-ə xüsusi diqqət yetirilib.
“Rhenus Group” şirkətinin İdarə Heyətinin sədri Tobias Bartz ilə görüşdə də TITR-in inkişafı əsas mövzulardan biri olub. Kasım-Jomart Tokayev müasir limanlar, terminallar, dəmir yolları və rəqəmsal xidmətlərə malik rəqabətqabiliyyətli logistika marşrutunun birgə səylərlə formalaşdırılmasına çağırıb.
Qazaxıstan Prezidenti “Rhenus Group”un Aktau limanında multimodal qovşağın yaradılması layihəsində iştirakını da alqışlayıb. Tərəflər birgə infrastruktur layihələrinin həyata keçirilməsinə başlanılmasını müzakirə ediblər.
“Deutsche Bahn” Almaniyanın sərnişin və yük daşımalarını həyata keçirən, həmçinin dəmir yolu infrastrukturunu idarə edən aparıcı dəmir yolu şirkətidir.
“Rhenus Group” nəqliyyat daşımaları, anbar və liman logistikası, eləcə də təchizat zəncirinin idarə olunması sahələrində fəaliyyət göstərən beynəlxalq logistika şirkətidir.