Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH
Bakı, 29 sentyabr AZƏRTAC
Azərbaycan ilə Mərkəzi Asiya respublikaları arasındakı iqtisadi əlaqələrin yüksələn xətlə inkişafı tərəflər üçün faydalıdır. Bildiyimiz kimi, Azərbaycan Orta Dəhliz üçün geniş infrastruktur layihələri həyata keçirərək bu ölkələrə Avropaya çıxışı təmin edir. Bu baxımdan, Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Mərkəzi Asiya respublikalarının dövlət və özəl sektor nümayəndələrinin təmsil olunması gələcəkdə əlaqələrin daha da inkişafına xidmət edəcək ki, bu da qarşılıqlı investisiyaların artmasına imkan yaradacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda fəaliyyət göstərən Özbəkistan Ticarət Evinin direktoru Ramin Şərifov deyib.
O bildirib ki, bu günədək Azərbaycana Qazaxıstan 136 milyon dollar, Qırğızıstan 25,2 milyon dollar, Tacikistan isə 4,4 milyon dollar həcmində sərmayə yatırıb: “Özbəkistanla investisiya əməkdaşlığında isə əsas diqqət təkcə faktiki investisiya axınlarına deyil, birgə investisiya mexanizmlərinə yönəlib. 2023-cü ildə 500 milyon dollar ümumi kapitalla Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti yaradılıb. Bu qurum Azərbaycanda, Özbəkistanda və üçüncü ölkələrdə layihələrin maliyyələşdirilməsini nəzərdə tutur. Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı fəaliyyət göstərir. Bütün bunlar, əlbəttə ki, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin müsbət nəticələridir. Lakin ölkələrin potensialı sərmayələrin həcminin daha da artmasına imkan verir. Bunun üçün isə İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu və forumda Mərkəzi Asiya respublikalarının təmsilçilərinin iştirakı, onların yerli qanunlar və iqtisadi vəziyyətlə tanış olmaları, bazarı araşdırmaları üçün münbit şərait yaradıb”.
R.Şərifov qeyd edib ki, Mərkəzi Asiya kapitalının Azərbaycana daxil olması qeyri-neft sektorunun inkişafına əlavə imkanlar yaradır: “İnvestorların maraq göstərdiyi sahələr arasında sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, logistika, turizm və xidmətlər var. Qazaxıstan və Özbəkistan kapitalının iştirakı ilə yaradılan müəssisələr bu istiqamətdə konkret nümunələrdir.
Mərkəzi Asiya ölkələri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında da iştirak edir. Özbəkistanın dəstəyi ilə Xankəndidə tikiş fabriki fəaliyyətə başlayıb. Qazaxıstan, Özbəkistan və Qırğızıstan tərəfindən Füzuli və Ağdamda sosial obyektlərin yaradılması da regionda iqtisadi və sosial fəaliyyətin genişlənməsinə xidmət edir.
Bu layihələr gələcəkdə yeni iş yerlərinin yaranmasına, yerli istehsalın inkişafına və azad edilmiş ərazilərin regional iqtisadi əlaqələrə inteqrasiyasına şərait yaradacaq. Mərkəzi Asiya ölkələri üçün Azərbaycan Xəzər dənizi üzərindən Avropa istiqamətində mühüm nəqliyyat bağlantısıdır. Orta Dəhliz bu baxımdan investisiya əməkdaşlığı ilə birbaşa əlaqəlidir”.
“İnvestisiya əməkdaşlığının perspektivli istiqamətlərindən biri də bərpaolunan enerjidir. Azərbaycan, Qazaxıstan və Özbəkistan 2025-ci ildə “Yaşıl Dəhliz Birliyi” adlı birgə müəssisə yaradıblar. Məqsəd Mərkəzi Asiyada istehsal olunan enerjinin Azərbaycan üzərindən ixracı və gələcəkdə Xəzər dənizinin dibi ilə enerji ötürülməsi imkanlarının inkişaf etdirilməsidir. Bu layihə reallaşarsa, Azərbaycan yalnız neft-qaz ixracatçısı deyil, həm də regionlararası yaşıl enerji tranzit mərkəzi kimi mövqeyini gücləndirə bilər. İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu qeyd olunan sahələrlə maraqlanan biznes qurumlarına ətraflı məlumat almağa şərait yaratdı. Forum çərçivəsində ümumi dəyəri 10 milyard dollardan artıq həcmdə investisiya sənədlərinin imzalanması da təsadüfi deyildi. Bunlar Azərbaycana investisiya axınını təmin edən sənədlərdir”, - deyə Ticarət Evinin direktoru əlavə edib.