Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
Bakı, 29 sentyabr, AZƏRTAC
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.
Şah Abbas (Səlim) karvansarası Dərələyəz mahalının ərazisində, Ələyəz dağının Səlim aşırımında, Ağkənd kəndindən təqribən 700 metr yuxarıda yerləşir. Abidənin yerləşdiyi ərazi 1931-ci il oktyabrın 15-dən Keşişkənd rayonu, 1935-ci il yanvarın 3-dən Mikoyan rayonu, 1957-ci il dekabrın 6-dan isə Yeğeqnadzor rayonu adlandırılıb. Ağkəndin adı 1968-ci il iyulun 3-dən Ağcanadzor olaraq dəyişdirilib. Əsl adı Şah Abbas karvansarası olan və el arasında da belə tanınan bu Səlim aşırımının cənub yamacında yerləşdiyi üçün Səlim karvansarası da adlanırdı.
Yonulmuş bazalt daşdan tikilmiş karvansara iki binadan ibarət idi. Uzunluğu 11, eni 5 metr olan əsas bina şimaldan şərqə doğru uzanırdı. Uzunluğu 32, eni 15 metr olan ikinci bina isə birinciyə perpendikulyar tikilmişdi.
Karvansaranın giriş qapısının üst hissəsində yarımdairə şəklində eni 2 metr, orta hündürlüyü 1 metr olan kitabədə ərəb əlifbası ilə binanın “pasport”u yazılmış, burada onun Əbu Səid Xan Bahadur (söhbət Çingiz xanın varislərindən olub, 1316-1335-ci illərdə Elxani dövlətinin taxtında əyləşmiş Əbu Səid Xan Bahadurdan gedir) tərəfindən 1325-26-cı miladi ilində tikildiyindən bəhs olunmuşdur.
Ağkənddə 1918-ci ilə qədər ancaq azərbaycanlılar yaşayıblar. Kəndə ilk ermənilər (cəmi 172 nəfər) 1923-1925-ci illərdə köçürülüb.
Karvansara 1956–1959-cu illər ərzində Ermənistan tərəfindən “bərpa” edilib, hətta abidənin iç divarına onun tarixini və mənsubiyyətini saxtalaşdıran “kitabə” də yerləşdirilib. Erməni riyakarlığı o həddə çatıb ki, bütün tarixi mənbələrdə adı Şah Abbas və ya Səlim karvansarası kimi keçən abidənin adını sonralar dəyişib Vardenyants karvansarası qoymaları bəs deyil, hətta onun 1332-ci ildə guya şahzadə Cesar Orbelyan tərəfindən tikildiyini də yazmış, üstəlik, abidənin Səlim adı ilə bağlı bir əfsanə də uydurmuşlar.