Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO
Füzuli, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətində son illərdə baş verən dəyişikliklər və yeni fəaliyyət istiqamətləri ilə bağlı mətbuat konfransı keçirilib.
AZƏRTAC-ın məlumatına görə, mətbuat konfransında bildirilib ki, federasiyanın fəaliyyət istiqamətləri genişləndirilib və daha iki idman növü – yelkən və balıqçılıq idmanı qurumun fəaliyyətinə əlavə olunub. Dövlət tərəfindən göstərilən etimadı doğrultmaq üçün yeni istiqamətlər üzrə müxtəlif layihə və yarışların keçirilməsinə başlanılıb.
Qeyd olunub ki, bir müddət öncə federasiyanın adı dəyişdirilərək Azərbaycan Su İdmanı Federasiyası (AZSİF) adlandırılıb. Bununla yanaşı, federasiyanın loqosunda və digər vizual elementlərində də dəyişikliklər edilib. Balıqçılıq idmanı üzrə iki yarışın keçirildiyi diqqətə çatdırılıb. Onlardan biri “Cup Fishing”, digəri isə sazan balığı ovçuluğu üzrə yarış olub. Şamaxının Çuxuryurd ərazisində təşkil olunan yarışların ekoloji tələblərə uyğun keçirildiyi, tutulan balıqların zərər yetirilmədən yenidən suya buraxıldığı bildirilib. Bundan başqa, Xəzər dənizində sahildən balıq tutma üzrə yarışın da keçirildiyi qeyd olunub.
Mətbuat konfransında federasiyanın rəsmi internet saytında da yeniliklərin olduğu bildirilib. Qeyd edilib ki, sayta artıq “azwatersport.az” ünvanı vasitəsilə daxil olmaq mümkündür. Federasiyanın sosial şəbəkə hesablarında da dəyişikliklər edilib.
Tədbirdə, həmçinin bildirilib ki, “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin Füzuli mərhələsində Azərbaycan komandasının qazandığı nəticələr qənaətbəxşdir və uğurlu çıxışların davam etdirilməsi gözlənilir.