Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
Bakı, 29 sentyabr, AZƏRTAC
Cari ildə artıq təbii qaz və neft almadan enerji üçün ödədiyimiz əlavə məbləğ 100 milyard avronu keçib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen deyib.
O, Aİ-nin bu il eyni həcmdə neft və təbii qaz üçün əlavə 100 milyard avrodan çox vəsait ödədiyini və idxal olunan qazıntı yanacaqlarından asılılığın azaldılmasının vacibliyini vurğulayıb.
D.Yorgensen Avropanın enerji ilə bağlı çox ciddi bir vəziyyətdə olduğuna diqqət çəkib, dünyanın digər yerlərindən gələn enerji mənbələrindən asılı olmağın pis və davamlı olmadığını bildirib: “Qlobal bazarda enerji qiymətlərinin artması Aİ vətəndaşlarına və sənayesinə zərər verir. Bu asılılıqdan qurtulmalıyıq. Qazıntı yanacaqlarını, yəni idxal olunan, çirkli və bahalı molekulları yerli enerji ilə əvəz etməliyik”.
Qeyd edək ki, Aİ-dəki qaz anbarlarının doluluq nisbəti hazırda təxminən 70 faizdir. Bu səviyyə əvvəlki illərin eyni dövrü ilə müqayisədə xeyli aşağıdır. Avropada təbii qaz qiymətləri isə ABŞ-İran münaqişəsinin başladığı fevralın 28-dən əvvəl meqavat/saat üçün 30 avro olduğu halda, hazırda qitə bazarlarında “mavi yanacağın” qiyməti meqavat/saat üçün 70 avro civarındadır.