Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir
Bakı, 29 sentyabr, AZƏRTAC
44 günlük Vətən müharibəsindən sonra Türk dövlətlərinin Qarabağın bərpası prosesində göstərdiyi həmrəylik sənədli filmdə diqqətə çatdırılan əsas məsələlərdəndir.
Bunu AZƏRTAC-a açıqlamasında filmin layihə rəhbəri Kəmalə Paşayeva deyib.
O bildirib ki, ekran əsərinin hazırlanmasında əsas məqsədlərdən biri Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir. “Qənirə xanım həm millət vəkili, həm jurnalist kimi, eyni zamanda bu təşkilat vasitəsilə Türk dünyası arasında bir mədəniyyət körpüsü yaratdı. Bu gün bizim ən böyük missiyamız onun bu yolunu layiqincə, şərəflə davam etdirməkdir. İstəyirik ki, bu körpülərdə gediş-gəliş hər zaman çox olsun, bu yol insanlarımızla, yazarlarımızla, şeirimizlə, mədəniyyətimizlə dolsun”, - deyə K.Paşayeva qeyd edib.
Layihə rəhbərinin sözlərinə görə, filmdə İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” ideyasının müasir dövrdəki təzahürlərinə də diqqət yetirilir.
“44 günlük müharibədən sonra Türk dövlətlərinin Qarabağın inşasında, yenidən qurulmasında əl-ələ verməsi böyük Qaspıralının “dildə, fikirdə, işdə birlik” ideyasının ən gözəl nümunələrindən biridir”, - deyə K.Paşayeva vurğulayıb.
O əlavə edib ki, filmdə Azərbaycan Prezidenti İlham Əliyevin Türk dünyası ilə bağlı fikirlərinə də yer verilir. K.Paşayevanın sözlərinə görə, ekran əsərində Türk dünyasının yalnız müstəqil dövlətlərdən ibarət olmadığı, daha geniş coğrafiyanı əhatə etdiyi fikri də önə çəkilir.
Müxbir- Lalə Minasazova