İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO
İstanbul, 29 sentyabr, AZƏRTAC
İstanbulun mühüm elm, mədəniyyət və bilik mərkəzlərindən biri olan tarixi Rami Kitabxanasında Azərbaycan dövlətçiliyi, tarixi və mədəniyyətinə həsr olunmuş xüsusi “Azərbaycan bölməsi” yaradılıb.
AZƏRTAC xəbər verir ki, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi əsasında yaradılan bölmədə Azərbaycanın qədim və zəngin tarixini, dövlətçiliyini, çoxəsrlik mədəni irsini, ədəbiyyat və incəsənətini, musiqisini, görkəmli şəxsiyyətlərini, eləcə də müasir inkişafını əks etdirən 700-dən artıq kitab və nəşr oxucuların istifadəsinə təqdim olunub.
Sentyabrın 29-da kitabxanadakı “Azərbaycan bölməsi”nin açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən Rami Kitabxanasının müdiri Ali Çelik kitabxanada qardaş Azərbaycanla bağlı nəşrlərə böyük ehtiyac olduğunu qeyd edib. Türk Dünyası şöbəsi çərçivəsində yaradılan “Azərbaycan bölməsi”nin oxucuların Azərbaycanı daha yaxından tanımalarına mühüm töhfə verəcəyini vurğulayıb. O, bu bölmənin Azərbaycan və Türkiyə arasında mövcud tarixi və mədəni bağların kitab vasitəsilə daha da möhkəmləndirilməsinə xidmət edəcəyini bildirib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov isə çıxışında kitabın xalqlar və mədəniyyətlər arasında ən möhkəm körpülərdən biri olduğunu qeyd edib.
Samir Abbasov Azərbaycan ilə Türkiyə arasında əsrlər boyu formalaşmış tarixi və mənəvi bağların daha da möhkəmləndirilməsi, ortaq dəyərlərin və zəngin mədəni irsin geniş oxucu auditoriyasına çatdırılması istiqamətində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən müxtəlif layihələrin həyata keçirildiyini bildirib. O, Rami Kitabxanasında “Azərbaycan bölməsi”nin yaradılmasını bu istiqamətdə həyata keçirilən mühüm mədəni layihələrdən biri kimi səciyyələndirib. Mərkəzin direktoru bildirib ki, layihənin reallaşdırılmasına Azərbaycanın Mədəniyyət Nazirliyi və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası da dəstək göstərib. Bu dəstək çərçivəsində Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və milli irsi ilə bağlı zəngin kitab kolleksiyası Türkiyəyə göndərilərək Rami Kitabxanasının fonduna təqdim olunub.
Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulu Zamin Əliyev Azərbaycan ilə Türkiyə arasında mədəni və humanitar əlaqələrin daim inkişaf etdiyini bildirib. O, Rami Kitabxanasında Azərbaycanla bağlı xüsusi bölmənin yaradılmasını əhəmiyyətli addım kimi dəyərləndirib.
Tədbir bədii hissə ilə davam edib.